Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində 26 avqust – "Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü"nə həsr olunmuş “Muğamın sehrli dünyası” adlı tədbir keçirilib.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Heydər Əliyev Mərkəzi, şəhər 3 və 4 nömrəli uşaq musiqi məktəbləri və Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə əlamətdar günə həsr edllmiş kitab və elektron nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.

Muğam sənətinin tarixi, inkişaf mərhələləri, onun Azərbaycan musiqi mədəniyyətindəki rolu və bəşəri əhəmiyyəti barədə  məlumat verilib. Qeyd olunub ki, muğam sənəti əsrlərlə formalaşaraq Azərbaycan xalqının milli-mədəni kimliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Diqqətə çatdırılıb ki, Azərbaycan muğamı 2008-ci ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs nümunəsi kimi tanınıb və bu sənət dünya miqyasında maraqla izlənilir və öyrənilir.

Bədii hissədə musiqi məktəblərinin müəllim və şagirdlərinin ifasında “Şur”, “Rast”, “Segah” və “Bayatı-Şiraz” muğamlarından parçalar səsləndirilib.