Avqustun 25-i Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (1935–2021) anadan olmasının 90-cı ildönümüdür.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu münasibətlə “Fikrət Qoca – sönən deyil bu ocaq” adlı virtual kitab sərgisi hazırlayıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə Fikrət Qocanın təltif edilməsi, yubiley tədbirlərinin keçirilməsi ilə bağlı rəsmi sənədlər, Xalq şairi Rəsul Rzanın, Xalq yazıçısı Anarın, akademik Nizami Cəfərovun şair haqqında söylədikləri dəyərli fikirlər, eləcə də Fikrət Qocanın müəllifi olduğu əsərləri və onun haqqında qələmə alınan nəşrlərin, məqalələrin tam mətni təqdim edilib.
“Fikrət Qoca – sönən deyil bu ocaq” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.
Kitabxananın saytında yaradılan “Fikrət Qoca - 90” adlı elektron resurslar bazası yeni materiallarla zənginləşdirilir.
***
F. Köçərli adına Respublika Uşaq Kitabxanası da Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə elektron resurslar hazırlayaraq virtual oxucuların istifadəsinə təqdim edib.
Kitabxananın Elmi-metodika şöbəsi tərəfindən tərtib edilən “Özü Qoca, sözü uca şairimiz” adlı metodik vəsait kütləvi oxucuların istifadəsi üçün zəngin mənbədir. Vəsait iki hissədən ibarətdir. Birinci hissədə şairin həyat və yaradıcılığı, yubileylə bağlı rəsmi sərəncam, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri təqdim edilib. İkinci hissədə isə kitabxanalarda təşkil ediləcək tədbirlərə dair metodik tövsiyələr öz əksini tapıb. Vəsaitin sonunda mövzu üzrə 21 adda kitab və 107 adda dövri mətbuat materialının siyahısı verilib.
Məlumat-biblioqrafiya şöbəsinin hazırladığı “Adında müdriklik, sözündə əbədiyyət” adlı veblioqrafiyada isə şairin ədəbi irsi və fəaliyyətinə dair məlumatlarla yanaşı, onun şeirlərinə bəstələnmiş mahnılar, foto və video materiallar daxil edilib. Elektron mənbədə 18 adda kitab və 108 adda dövri mətbuat materialının biblioqrafik təsvirləri və tam mətnləri yer alıb.
Vəsaitlərlə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz: