Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcidin 60 illik yubileyi münasibətilə tərtib edilən "Qala adam" kitabı işıq üzü görüb.

Əməkdar jurnalist Yusif Rzayevin redaktoru olduğu kitabda Rəşad Məcidin bədii-publisistik yaradıcılığının son beş illik mənzərəsi əhatə olunub.

"Qala adam"da 2019-2024-cü illərdə müəllifin qələmə aldığı esse, məqalə və təəssürat yazıları ilə yanaşı, tanınmış elm xadimlərinin, qələm adamlarının onun müxtəlif səpkili mətnləri barədə düşüncələri, ciddi elmi-bədii yanaşmaları öz əksini tapıb.

Kitabın tərtibatçısı, şair-publisist Nadir Yalçın "Adam necə qalaya çevrilir?" adlı ön söz də kitabın ərsəyə gəlməsi və nəşrdə toplanan mətnlər barədə ümumi fikirlərini bölüşüb.

Kitabın ilk bölümündə "Qələmsiz yazılanlar" yer alıb. İkinci bölümdə isə "Qələmsiz yazılanlar"dan yazılanlar" başlığı altında Rəşad Məcidin status-esseləri barədə təəssüratlar cəmlənib. Akademik İsa Həbibbəyli, professor Asif Hacılı, şair, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Qismət Rüstəmov, türkiyəli yazıçı-şair, tərcüməçi İmdat Avşar və ədəbiyyatşünas Bəxtiyar Aslan bu status-esselərin kitab halında çap olunması təşəbbüsünün publisistik fikir tarixindəki yeri və rolu barədə fikirlərini bölüşüblər.

Kitabın "Şuşa gör nələr eylər", "Şuşa dəftəri", "Oğul Rəşad Məcid, nəvə Rəşad Məcid", "Ürəkdən gələn yazılar", "60 yaşa yazı hədiyyələri", "Rəşad Məcidin sözü haqqında" və "60 ilin söhbəti" bölmələrində Rəşad Məcidin yaradıcılıq dünyasının rəngarəng səhifələri vərəqlənir.

***

Avqustun 21-i Rəşad Məcidin doğum günüdür. 60+1 yaşı münasibətilə onu təbrik edir, cansağlığı, çoxşaxəli fəaliyyətində və yaradıcılığında yeni nailiyyətlər arzulayırıq!