20-21 noyabr tarixlərində Bakıda I Beynəlxalq Türk dünyası ənənəvi musiqi və mədəni kimlik simpoziumu keçiriləcək.

Tədbir AMEA-nın Folklor İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Musiqi və İncəsənət Universiteti, Ərzincan Binali Yıldırım Universiteti, Qars Qafqaz Universiteti Dövlət Konservatoriyası, Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Simpoziumun keçirilməsində əsas məqsəd Türk dünyasının zəngin musiqi folklorunun, xüsusən balaban, zurna və saz kimi musiqi alətlərinin tarixi köklərini, mədəni kimlikdəki yerini, kollektiv mədəni yaddaşdakı izlərini elmi müstəvidə araşdırmaq, müasir yanaşmalar əsasında təqdim etməkdir.

Simpozium Azərbaycan milli musiqisi tarixində zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədənin 150 illik yubileyinə həsr olunub.

Türk xalqlarının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələrdən biri də milli olduğu dərəcədə dünyəvi dəyərləri ifadə edən qədim nəfəs alətimiz olan balabandır. Balabanın adına “Kitabi-Dədə Qorqud” dastanında, klassik Azərbaycan şairlərinin, eləcə də orta əsrlərin qüdrətli musiqi xadimi Ədbülqadir Marağayinin risalələrində rast gəlinir. Hazırda balabanın kifayət qədər geniş repertuarı var. Tarixən zurnaçı və aşıq dəstələrində möhkəm yer tutmuş balabanda qədim xalq musiqi nümunələri, muğamlar məharətlə ifa edilir. Balabanın həzin və yumşaq tembri, ifaçılıq məziyyətləri Azərbaycan bəstəkarlarını da cəlb etmiş, müxtəlif janrlı əsərlərdə ondan solo və orkestr aləti kimi istifadə olunub.

Türk dünyasında musiqi folkloru zəngin, çoxqatlı, dinamik bir irsdir, sənət, həm də kollektiv mədəni kimliyin ifadə vasitəsidir. Musiqi folkloru vasitəsilə ötürülən kodlar milli-mədəni yaddaşın formalaşmasında aparıcı rol oynayır. Aşıq yaradıcılığı, xalq musiqisi (mahnılar və rəqs melodiyaları), milli musiqi ənənələri və yerli məktəblər, musiqi alətləri, onların semantik yükü simpoziumun əsas elmi obyektini təşkil edir.

Bununla yanaşı, simpoziumun əsas hədəflərindən biri Azərbaycan zurna-balaban məktəbinin görkəmli nümayəndəsi Əli Kərimov – Kalvalı Əli Dədə kimi tanınan ustad sənətkarın yaradıcılığı, təmsil etdiyi sənətə Türk dünyası kontekstində nəzər salınması, fərdi sənətkar taleyinin bütöv bir ənənənin kollektiv mədəni yaddaşdakı mövqeyi baxımından təhlilidir.

Simpoziumun keçirilməsində məqsədlərdən biri də türk xalqlarının maddi və qeyri-maddi irsinə, folklor nümunələrinə, musiqisinə, musiqi alətlərinə yönəlmiş özününküləşdirmə prosesinə - erməni saxtakarlıqlarına qarşı elmi arqumentlərlə cavab verməkdir.

Zurna, balaban, tar, kamança kimi alətlərin türk xalqlarından başqa xalqlarla müqayisədə ifadə imkanları baxımından özünəməxsus cəhətləri var. Ümum-Şərq mənəvi sərvət olan muğam ifaçılığında da bu alətlərdən istifadə olunur. Azərbaycan muğamı anlayışı bənzərsiz məzmun və ifaçılıq xüsusiyyətlərinə görə tanınmaqdadır. Bu istiqamətdə mövzuların simpozium çərçivəsində müzakirəsi olduqca aktualdır.