Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev Macarıstanın Baş naziri Viktor Orbanın təqdimatı və bu ölkənin Prezidenti Tamaş Şulyokun fərmanı ilə “Xidmətlərə görə” ordeni ilə təltif edilib.
Təşkilatdan bildirilib ki, orden avqustun 19-da Budapeştdəki Viqado sarayında Macarıstanın milli bayramı – Müqəddəs Stefan Gününə həsr olunmuş təntənəli rəsmi mərasim çərçivəsində Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balaş Hanko tərəfindən Sultan Raevə təqdim olunub.
TÜRKSOY-un baş katibi Macarıstan ilə Türk dünyası arasında mədəni əməkdaşlığın inkişafında və dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə bu dövlətin yüksək mükafatına layiq görülüb.
Sultan Raev belə yüksək dövlət mükafatına layiq görülməsindən məmnunluğunu ifadə edərək vurğulayıb ki, Türk dünyası ilə Macarıstan arasında mədəni əlaqələrin və dostluğun möhkəmləndirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcək. Türk dünyasının ortaq dəyərlərinin beynəlxalq aləmdə təbliği istiqamətində səylərin belə bir mötəbər mükafata layiq görülməsi onun üçün böyük qürur mənbəyidir.