Türk mətbəxi əsrlərin yaddaşını, mədəniyyətini və insan münasibətlərini özündə yaşadan zəngin bir irsdir. Süfrə yalnız yeməklərin paylaşdığı bir məkan deyil, həm də sevginin, qonaqpərvərliyin, birlik və həmrəyliyin simvoludur. Məhz bu anlayışdan ilham alan Türk Mətbəxi Həftəsi çərçivəsində Qaziantepdə keçirilən “Türkiyənin qastrodiplomatiya modeli: süfrə və irs” proqramında türk mətbəxinin tarixi, mədəni və diplomatik gücü bir daha ön plana çıxarıldı.
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsində qastronomiya sahəsində yer alan Qaziantep qədim mətbəx ənənələri və zəngin kulinariya mədəniyyəti ilə bu mühüm tədbirə ev sahibliyi etdi.
2022-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə təsis edilən Türk Mətbəxi Həftəsi platforması bu il süfrəyə yalnız kulinariya ənənəsi kimi deyil, həm də xatirələrin, köçlərin, ailə bağlarının və nəsillərarası mirasın yaşadığı mədəni məkan kimi yeni məna qazandırır.
21-27 may tarixlərində Türkiyə Cümhuriyyəti Prezident Administrasiyası Kommunikasiya İdarəsi tərəfindən təşkil edilən proqrama müxtəlif ölkələrdən mütəxəssislər və media nümayəndələri qatılıb. Proqramda Qaziantepin zəngin qastronomik irsinə və türk süfrə ənənələrinə yönəlmiş panel sessiyası, kulinariya seminarları, mədəni səfərlər və sahə təcrübələri olub.
“Türkiyənin qastrodiplomatiya modeli: süfrə və irs” tədbirlər silsiləsinin açılışı Qaziantepdəki Panorama 25 Dekabr Muzeyində (Qaziantep Müdafiəsi Qəhrəmanlıq Muzeyi) oldu.
Açılış mərasimində səsləndirilən mesajlarda türk mətbəxinin yalnız reseptlər və dadlardan ibarət olmadığı, əsrlərin yaddaşını, ənənələrini və mədəni irsini yaşadan böyük bir sivilizasiya xəzinəsi olduğu xüsusi vurğulandı.
Qaziantep – qastronomiyanın və mədəniyyətin qovuşduğu şəhər
Mərasimdə çıxış edən Qaziantep Böyükşəhər Bələdiyyəsi başqanının müavini Feray Yılmaz qastronomiyanın sadəcə yeməklərdən ibarət olmadığını, xalqların tarixini, həyat tərzini və mədəni yaddaşını yaşadan mühüm bir irs olduğunu bildirdi. Qeyd etdi ki, mətbəx mədəniyyəti cəmiyyətlərin kimliyini formalaşdıran güclü dəyərlərdən biridir.
Qaziantepin əsrlər boyu müxtəlif sivilizasiyaların qovuşduğu qədim şəhərlərdən biri olduğunu xatırladan Yılmaz şəhərin İpək Yolu üzərində yerləşməsinin onu yalnız ticarət deyil, həm də mədəniyyət və kulinariya ənənələrinin kəsişmə nöqtəsinə çevirdiyini vurğuladı. Bu zəngin tarixi irsin Qaziantep mətbəxinə də öz möhürünü vurduğu, şəhərin çoxşaxəli qastronomiya ənənəsi ilə Türkiyənin ən önəmli kulinariya mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırdı.
Türk dövlətlərini mütəşəkkil şəkildə bir araya gətirən dəyər həm qastronomiyadır
Qaziantep valisi Kemal Çeber çıxışında qeyd etdi ki, qastronomiya artıq təkcə kulinariya sahəsi deyil, eyni zamanda ölkələrin mədəniyyətini dünyaya tanıdan mühüm diplomatik vasitəyə çevrilib. O, Tədbirin Qaziantepdə təşkil olunmasını ən doğru seçim kimi qiymətləndirərək, şəhərin qastronomiya sahəsində qazandığı beynəlxalq nüfuzun təsadüfi olmadığını vurğuladı. Onun sözlərinə görə, UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilən Qaziantep bu statusu zəngin mətbəx ənənəsi, qədim kulinariya mədəniyyəti və qonaqpərvərlik ruhu ilə haqq edib.
Valinin fikrincə, türk dövlətlərinin kimliyini, tarixini oxşar ənənələr və rəngarəng süfrələr də bir araya gətirir: “Mənim ana tərəfdən babalarım Qafqaz kökənlidir. Hər zaman müşahidə etmişəm ki, yeməklərimiz, ədviyyatlarımız, bişirmə üsullarımız hamısı eyni ənənələrdən və türk mədəniyyətindən gəlir. Ona görə də biz süfrə mədəniyyətimizin də mövcud potensialını nümayiş etdirməliyik. Biz zatən birlikdəyik. Qastronomiya sahəsini də birləşdirməli və süfrələrimizin zənginliyi təcrübələrini bölüşməliyik".
“Bizim hekayəmiz bir süfrə ətrafında formalaşır”
Mərasimdə Türkiyə Cümhuriyyəti Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri professor Burhanettin Duranın video müraciəti də təqdim olundu.
Müraciətdə türk mətbəxinin sadəcə zəngin yemək çeşidləri ilə deyil, əsrlər boyu formalaşan tarixi yaddaşı və mədəni dəyərləri ilə də Türkiyənin ən böyük sərvətlərindən biri olduğu vurğulandı.
Qeyd olundu ki, bu il “Bir süfrədə irs” mövzusu ilə keçirilən Türk Mətbəxi Həftəsi süfrəyə fərqli məna qazandırır. Onun sözlərinə görə, süfrə yalnız yemək yeyilən yer deyil; insanların bir araya gəldiyi, duyğularını paylaşdığı və nəsillərin bir-birinə bağlandığı mənəvi məkandır.
Türk mədəniyyətində süfrələr dostluğun möhkəmləndiyi, sevincin bölüşüldüyü, kədərin isə yüngülləşdiyi xüsusi bir yerə sahibdir: “Biz süfrəyə yalnız qidalanmaq üçün oturmuruq. Süfrə bizim üçün həm də könüllərin qovuşduğu, xatirələrin yaşadığı və həyatın paylaşdığı bir məkandır. Əslində bizim hekayəmiz də bir süfrə ətrafında formalaşır.”
Əminə Ərdoğandan birlik mesajı
Əminə Ərdoğanın video müraciətində türk mətbəxinin eyni zamanda insanlığın ortaq yaddaşını yaşadan böyük bir sivilizasiya mirası olduğu diqqətə çatdırıldı.
Türk mətbəxini “tarixin ən qədim yaddaş kitablarından biri” adlandıran, bu zəngin irsin Türküstandan Anadoluya, oradan Osmanlı coğrafiyasına uzanan böyük tarixi yol nəticəsində formalaşdığını vurğulayan Əminə Ərdoğanın sözlərinə görə, eyni süfrə ətrafında qurulan münasibətlər insanlar arasında sevgi və hörmət körpüsü yaradıb.
“Qaynayan qazanlar yalnız yemək bişirmədi, eyni zamanda mədəniyyətləri bir-birinə yaxınlaşdıran ortaq bir dil formalaşdırdı” – deyən Əminə Ərdoğan çıxışında Anadoluya xas bu ənənənin yaşadıldığını vurğuladı. Toyda, yasda, bayramda və gündəlik həyatda insanların bir araya gələrək həm məsuliyyəti, həm də süfrəni paylaşması cəmiyyətin birlik ruhunu gücləndirir.
Qaziantepdə qastrodiplomatiyanın gələcəyi müzakirə olundu
Türk Mətbəxi Həftəsi çərçivəsində keçirilən “Qaziantepdə qastrodiplomatiya: süfrə və irs” adlı paneldə şəhərin zəngin gastronomiya irsinin mədəni diplomatiyaya təsiri və beynəlxalq tanıtım imkanları müzakirə edildi.
Qaziantep Universiteti Turizm fakültəsinin qastronomiya və mətbəx sənətləri bölməsinin müəllimi professor Atınç Olcayın moderatorluğu ilə keçirilən paneldə alimlər, qastronomiya araşdırmaçıları, kulinariya yazarları və tanınmış paxlava ustaları çıxış edərək türk mətbəxinin beynəlxalq səviyyədə daha geniş tanıdılması yolları barədə fikirlərini bölüşdülər.
Tədbir çərçivəsində iştirakçılar Panorama 25 Dekabr Muzeyini də ziyarət etdilər.
Türk mətbəxindən dünyaya açılan mədəniyyət körpüsü
Həftə çərçivəsində türk mətbəxi sadəcə zəngin yemək ənənəsi kimi deyil, eyni zamanda mədəniyyətləri bir-birinə yaxınlaşdıran qastrodiplomatiya vasitəsi kimi təqdim olunur. Coğrafi işarəli məhsullardan qədim bişirmə ənənələrinə, süfrə mədəniyyətindən xalq yaddaşında yaşayan kulinariya irsinə qədər uzanan dəyərlərin beynəlxalq səviyyədə tanıdılması tədbirin əsas hədəfləri sırasında yer alır.
“Bir süfrədə irs” mövzusu ətrafında gerçəkləşən proqramlar dünyaya mətbəxin paylaşma ruhu, qonaqpərvərlik ənənəsi, mədəni yaddaş olması haqqında mesajlar verir.
Bu dəyərli proqramda iştirak etmək fürsəti yaratdıqları üçün Türkiyə Cümhuriyyəti Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbərliyinə və əməkdaşlarına, xüsusilə də tədbirin təşkilatçılarına təşəkkür edirəm.
Mehparə Sultanova
Ankara

























