18-19 avqust tarixlərində Türkiyənin Trabzon şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin 5-ci "Yüksək rütbəli məmurlar toplantısı" keçirilib.

Tədbirə mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də qatılıb.

Toplantının məqsədi TÜRKSOY-un Daimi Şurasında müzakirə olunacaq sənədlərin, fəaliyyət hesabatlarının və strateji planların hazırlanmasıdır.

TÜRKSOY-un saytında yayılan məlumata görə, toplantının açılış sessiyası təşkilatın baş katibinin müavini Sayit Yusufun sədrliyi ilə gerçəkləşib.

İclasda üzv ölkələrin aidiyyəti nazirliklərinin nümayəndələri və TÜRKSOY-un əməkdaşları, o cümlədən Azərbaycandan Mədəniyyət Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı, ölkəmizin TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin (Ankara) direktoru Samir Abbasov iştirak ediblər.

Təşkilatın 2026-cı il üçün nəzərdə tutulan fəaliyyətləri, Daimi Şurada baxılacaq sənədlərin layihələri, Türk dünyasında mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində səylər müzakirə edilib.

Toplantının bağlanış sessiyasına təşkilatın baş katibi Sultan Raev sədrlik edib.

Trabzonun tarixi məkanlarından olan Qızlar monastırı binasında keçirilən iclasda Trabzon valisi Aziz Yıldırım, Trabzon Böyükşəhər Bələdiyyəsinin başqanı Ahmet Metin Genc, TÜRKSOY-un baş katibinin müavini Sayit Yusuf, Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Aybek Sıdıkov, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin rəsmiləri iştirak ediblər.

 

Sultan Raev: “Türk dünyası nə qədər bir olarsa, mədəniyyətimiz də o qədər güclü yaşayar”

 

TÜRKSOY-un baş katibi Sultan Raev çıxışında Trabzonun Türk dünyası üçün daşıdığı mədəni mirasa diqqət çəkərək deyib: “Dərin köklü sivilizasiya irsi, incəsənət və ədəbiyyat zənginliyi ilə Trabzon təkcə Türkiyə üçün deyil, bütün Türk dünyası üçün ortaq dəyərdir. TÜRKSOY yarandığı gündən qardaş xalqlarımızı mədəniyyət və sənət dili ilə birləşdirmək, ortaq irsimizi gələcək nəsillərə çatdırmaq prinsipini mənimsəyib. İnandığımız bir həqiqət var: Türk dünyası nə qədər bir olursa, mədəniyyətimiz də o qədər güclü yaşayar, gələcəyimiz də o qədər aydın olar.”

Sultan Raev TÜRKSOY-un 2025-ci il üzrə fəaliyyətinə də toxunaraq, bu il “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan Aktau  şəhərində (Qazaxıstan) keçirilın silsilə tədbir və layihələrin əhəmiyyətini vurğulayıb.

Sonra üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.

Fərid Cəfərov Azərbaycanın TÜRKSOY ilə sıx əməldaşlığının, Mədəniyyət Nazirliyinin təşkilatla birgə həyata keçirdiyi tədbirlərin, o cümlədən 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” adını daşımış Şuşada gerçəkləşən layihələrin əhəmiyyətini vurğulayıb.

 

Trabzon 2027-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” adına namizəddir

 

Toplantıda çıxış edən Trabzonun bələdiyyə başqanı şəhərin 2027-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” adına namizəd olduğunu, bu istiqamətdə indidən hazırlıqlara başladıqlarını deyib. “Bu vəsilə ilə Trabzonun mədəniyyət və sənət zənginliklərini bütün Türk dünyasına çatdırmaq istəyirik”, – deyə Ahmet Metin Genc bildirib.

***

Toplantı çərçivəsində baş katib Sultan Raev 30 ildən artıq bir müddətdə Trabzonun mədəniyyət və sənət həyatına töhfələr vermiş Ağac Məmulatları Muzeyinin qurucusu Dursun Ali İnana TÜRKSOY-un xatirə medalını təqdim edib. Bələdiyyə başqanı Ahmet Metin Genc Türk dünyasına verdiyi töhfələrə görə TÜRKSOY-un “Şərəf” medalı ilə təltif olunub.

Mərasimdə həmçinin Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı təşkilatın dəstəyi ilə nəşr olunmuş “Şuşa” kitabını Trabzonun bələdiyyə başqanına hədiyyə edib.

Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının növbəti, 42-ci dönəm toplantısı Aktau şəhərində olacaq. Daimi Şurada bu il sədrliyi Qazaxıstan həyata keçirir.

Vüqar Orxan