AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu Tovuz rayonundakı Neolit dövrünə aid Göytəpə yaşayış məskənində arxeoloji qazıntıları davam etdirir.
Arxeoloji abidəyə bölgədə yerləşən qoruqların əməkdaşlarının, eləcə də turizm bələdçiləri və ekskursiyaçıların, ali məktəblərin nümayəndələri və tələbələrinin mütəmadi turları da təşkil olunur. Məqsəd Azərbaycanın qədim tarixi irsinin öyrənilməsi, arxeoloji qazıntıların yerində izlənilməsi, elmi əməkdaşlığın gücləndirilməsi və abidənin ictimaiyyətə daha geniş şəkildə tanıdılmasıdır.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Keşikçidağ” və “Avey” qoruqlarının əməkdaşları, Bakı Dövlət Universitetinin arxeologiya ixtisası üzrə magistrantları və ADA Universitetinin magistrantları bu günlərdə Göytəpə Neolit yaşayış məskənində olublar. İştirakçılar abidədə aparılan qazıntı və konservasiya işləri ilə yaxından tanış olub, arxeoloqlarla fikir mübadiləsi aparıblar.
Ekskursiya zamanı mütəxəssislər qeyd ediblər ki, Göytəpə Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmaqla, Neolit dövrünə aid mühüm arxeoloji kompleksdir. Burada aparılan sistemli qazıntılar nəticəsində qədim insanların məişətinə, əmək alətlərinə, təsərrüfat həyatına, erkən əkinçilik və maldarlıq ənənələrinə dair zəngin materiallar əldə olunub. Tədqiqatlar göstərir ki, bu ərazi təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyasının öyrənilməsi baxımından mühüm elmi mənbədir. Buradan tapılan maddi-mədəniyyət nümunələri Azərbaycanın qədim tarixi-mədəni ənənələrinin köklərinin minilliklər əvvələ gedib çıxdığını sübut edir.
Tur iştirakçıları Göytəpə arxeoloji abidəsinin turizm potensialı ilə də tanış olublar. Vurğulanıb ki, gələcəkdə abidənin geniş turizm marşrutlarına daxil edilməsi ölkəmizin qədim tarixinin beynəlxalq aləmdə təbliğinə xidmət edəcək.
Qeyd edək ki, Göytəpə arxeoloji kompleksi dövlət əhəmiyyətli abidə kimi mühafizə olunur.