Tarixdəki olaylar

 

19 avqust 1634 – Növbəti Səfəvi-Osmanlı müharibəsi (1623–1639) gedişində Sultan IV Muradın qoşunları İrəvan qalasını ələ keçiriblər. Lakin Osmanlı qoşunları qalanı uzun müddət əlində saxlaya bilmədi. Qəsri-Şirin sülh müqaviləsinə (1639) görə, Qərbi Gürcüstan Osmanlı imperatorluğunun, İrəvan daxil olmaqla Qərbi Azərbaycan torpaqları və Şərqi Gürcüstan Səfəvi dövlətinin nəzarətində qaldı.

 

19 avqust 1768 – Fətəli xan Qubalının qoşunları ilə Şəki hakimi Hüseyn xanın qoşunları arasında döyüş baş verib. Fətəli xan qalib gəlib və Şəki xanlığının ixtiyarında olan Şamaxı torpaqları Quba xanlığına birləşdirilib. Bundan bir qədər öncə (1767) Fətəli xan Bakı xanlığını da Quba xanlığına birləşdirmişdi. Lakin onun Azərbaycan torpaqlarını birləşdirmək niyyəti digər xanlıqlar tərəfindən qəbul olunmayıb. Fətəli xana qarşı birləşən Azərbaycan və Dağıstan hakimlərinin qüvvələri Xudat yaxınlığındakı Gavduşan döyüşündə (1774) onu ağır məğlubiyyətə uğradıblar. Bundan sonra Fətəli xan Rusiya ilə müttəfiqlik yaratmaq üçün çariça II Yekaterinanın yanına elçilər göndərib.

 

19 avqust 1991 – SSRİ-də dövlət çevrilişinə cəhd baş verib. Krımda istirahətdə olan Prezident Mixail Qorbaçov təcrid edilib, ölkəni idarə etmək üçün Moskvada Dövlət Fövqəladə Vəziyyət Komitəsi (“QKÇP”) yaradılıb. Legitim hakimiyyətin müdafiəsinə qalxan əhali ilə hərbçilər arasında toqquşmada 3 nəfər həlak oldu. “QKÇP”-nin ömrü üç gün oldu. Avqustun 22-də çevrilişə cəhdin başında duran qrup (DTK sədri V.Kryuçkov, müdafiə naziri D.Yazov, vitse-prezident G.Yanayev və b.) həbs olundu. Daxili işlər naziri B.Puqo intihar etdi. “QKÇP” SSRİ-nin dağılmasını sürətləndirdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

19 avqust 1689 – İngilis yazıçısı, sentimentalizmin banilərindən biri Semuel Riçardson (Samuel Richardson; 1689 – 4.7.1761) anadan olub. “Klarissa”, “Çarlz Qrandison” romanlarının müəllifidir.

 

19 avqust 1901 – Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901 – 11.11.1951) anadan olub. Opera və Balet Teatrında “Koroğlu”, “Arşın mal alan” tamaşalarını səhnələşdirib. “Qız qalası”, “Almaz” filmlərində çəkilib.

 

19 avqust 1912 – Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 – 13.7.2001) Qazax rayonunun Musaköy kəndində doğulub. “Məhəbbət”, “Partizan Aliyə”, “Ana ürəyi” poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli” və s. kitabların müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

 

19 avqust 1909 – Polyak yazıçısı Yeji Andjeyevski (1909 – 19.4.1983) anadan olub. Əsərləri: “Cənnətin qapıları”, “Qaranlıq yeri örtür”, “Kül və almaz”.

 

19 avqust 1915 – Görkəmli türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (24.12.1867 – 1915) vəfat edib.

 

19 avqust 1920 – Əməkdar incəsənət xadimi, musiqişünas Lyudmila Vladimirovna Karagiçeva-Bretanitskaya (1920–2015) anadan olub. Bakı Musiqi Akademiyasında dərs deyib. Azərbaycan bəstəkarlarının yaradıcılığına dair tədqiqatların müəllifidir.

Hazırladı: Vüqar Orxan