Tarixdəki olaylar
18 avqust Azərbaycanda “Sərhəd qoşunları günü”dür. 18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkə sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Hərbi Nazirliyin tərkibində ilk sərhəd dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli fərmanı ilə 18 avqust “Sərhəd qoşunları günü” elan edilib. Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib. Prezident Heydər Əliyevin 2002-ci il 31 iyul tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti yaradılıb və Sərhəd Qoşunları müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayıb.
18 avqust 1993 – BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından tamamilə, dərhal və qeyri-şərtsiz çıxarılması barədə Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunub. Bəyanat Azərbaycan Ali Sovetinin sədri, Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin Ermənistanın hərbi təcavüzünün genişlənməsi ilə bağlı BMT rəhbərliyinə ünvanladığı məktub əsasında qəbul olunmuşdu. Lakin icrası ilə bağlı hər hansı mexanizm nəzərdə tutulmadığı üçün o, bəyanat olaraq qaldı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
18 avqust 1850 – Fransız yazıçısı Onore de Balzak (Honore de Balzac 20.5.1799 - 1850) vəfat edib. “Bəşəri komediya" silsiləsindən əsərləri (“Şaqren dərisi”, “Evgeniya Qrande”, “Qorio ata”, “İtirilmiş illüziyalar” və s. romanlar) ilə şöhrət qazanıb.
18 avqust 1946 – Dilçi alim, türkoloq, filologiya elmləri, professor Kamil Vəli Nərimanoğlu (Vəliyev; 1946 – 16.12.2023) Cəbrayıl rayonunda anadan olub. Türkiyədə, Şimali Kiprdə universitetlərdə çalışıb. Türk Dil Qurumunun fəxri üzvü olub.
18 avqust 1991 – Görkəmli dilçi və ədəbiyyatşünas, şair, tərcüməçi, pedaqoq Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov; 5.5.1905 – 1991) vəfat edib.
18 avqust 2006 – Əməkdar artist, tarzən Əlikram Həsən oğlu Hüseynov (20.4.1926 – 2006) vəfat edib. Opera və Balet Teatrının orkestrində çalışıb, bir çox rəqslərimiz onun instrumental ifasında lentə alınıb.
18 avqust 2024 – Tarixçi, şərqşünas Şahin Fazil oğlu Fərzəliyev (27.3.1940 – 2024) vəfat edib. AMEA-nın Tarix İnstitutunun şöbə müdiri olub.
18 avqust 2024 – Dünyaca məşhur fransız kinoaktyoru Alen Delon (Alain Fabien Maurice Marcel Delon; 8.11.1935 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan