İyunun 25-də Bakıdakı Azərbaycan-Alman Mədəniyyət Mərkəzi – “Kapellhaus”da tanınmış şair, tərcüməçi, pedaqoq Yusif Savalanın “Müasir Azərbaycan poeziyasının kiçik antologiyası” adlı kitabının (Azərbaycan və alman dillərində) təqdimat mərasimi keçirilib.
Bu barədə Almaniyanın Azərbaycandakı Səfirliyi sosial şəbəkə səhifəsində məlumat yayıb.
Poeziya, musiqi və mədəniyyətlə dolu axşam Alman Akademik Mübadilə Xidməti (Deutscher Akademischer Austauschdienst – DAAD) və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq həm Azərbaycan, həm də alman dillərində belə bir antologiya nəşr olunub. 400 səhifəlik kitabda Yusif Savalan tərəfindən alman dilinə tərcümə edilmiş müasir Azərbaycan poeziyası nümunələri, eləcə də müəllifin özünün hər iki dildə yazdığı şeirləri toplanıb.
Azərbaycan ədəbiyyatının alman dilində təqdimatı və təbliğində böyük xidmətləri olan Yusif Savalan 50 ilə yaxındır bu sahədə fəaliyyət göstərir. Bu müddət ərzində o, Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb, müxtəlif tərcümə fəaliyyətləri ilə məşğul olub, həmçinin Azərbaycan və alman dillərində şeirlər yazıb.
Kitab üzərində iş (o cümlədən tərcümə edilmiş şeirlərin redaktə və korrektə olunması) ilə bağlı Yusif Savalan və DAAD-nin lektoru Lisa Brandt arasında təxminən bir ilə yaxın intensiv əməkdaşlıq olub.
Kitabın təqdimat mərasimi Lisa Brandtın dəstəyi ilə təşkil edilib.
Təqdimatda ADU-nun baş müəllimi, “Azərbaycanda Alman dili Müəllimləri Birliyi”nin (Deutschlehrerverband – DLV-Aserbaidschan) sədri Lətifə Qurbanova, ADU-nun Filologiya fakültəsinin Alman dilinin fonetikası və qrammatikası kafedrasının müdiri dosent Qahirə Axundova çıxış ediblər.
Müəllif Yusif Savalanın da iştirakı ilə kitabdan seçmə şeirlər musiqinin müşayiəti ilə qiraət olunub.