Xəbər verdiyimiz kimi, 17-18 mart tarixlərində Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Novruz festivalı” keçirilib.
Filarmoniyadan bildirilib ki, festival çərçivəsində bir-birindən maraqlı konsert proqramları ilə yanaşı, “Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Ailələrinə Sosial Dəstək” ictimai birliyinin istedadlı uşaqlarının əl işləri və rəsm əsərlərindən ibarət sərgi-yarmarka da təşkil edilib.
Qeyd olunub ki, filarmoniyanın fəaliyyətində xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərmək, onların cəmiyyətə inteqrasiyasına və yaradıcılıq potensiallarının üzə çıxmasına töhfə vermək əsas prioritetlərdəndir. Hər bir uşaq sevgi və dəstək sayəsində öz istedadını nümayiş etdirə bilər.
Festivalın ilk günü sərgi-yarmarkanın açılış mərasimi olub. “Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədr müavini Məhəmməd İbadov belə şəraitin yaradılmasına göstərilən dəstəyə görə Dövlət Uşaq Filarmoniyasının rəhbərliyinə təşəkkürünü bildirib, ictimai birliyin fəaliyyəti haqqında qısa məlumat verib.
Sonra təqdim edilən konsert proqramında filarmoniyanın istedadlı solistləri və “Şəms” uşaq xorunun ifaları tamaşaçılara unudulmaz anlar bəxş ediblər. Milli və dünya musiqisinin gözəlliyini bir araya gətirərək baharın ruhunu səhnədə canlandıran gənc istedadların çıxışları alqışlarla qarşılanıb.
Festivalın ikinci günü Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblının konserti olub.
Ansamblın bədii rəhbəri Qönçə Mehdiyeva və xanəndə-müəllim Elbrus Niftəliyev uzun illərdir ki, filarmoniyada fəaliyyət göstərirlər. Muğamlar, xalq mahnıları və bəstəkar əsərləri ansamblın repertuarının əsasını təşkil edərək milli musiqi irsimizi yaşadır. Ansamblın üzvləri filarmoniyanın qayğısı ilə yetişən, milli musiqimizə sevgisi ilə seçilən istedadlı uşaqlardır.
Konsert proqramından əvvəl Qönçə Mehdiyeva ansamblın uzunillik fəaliyyətindən, qazandığı uğurlardan və xarici ölkələrə səfərlərindən bəhs edib. Eyni zamanda ansamblın seçilən üzvlərindən biri, 44 günlük Vətən müharibəsində şəhid olmuş Toğrul Hacıyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsertdə V Muğam müsabiqəsinin qalibi, uzun illər Dövlət Uşaq Filarmoniyasının solisti olmuş Sədəf Budaqova da səhnəyə çıxaraq ifası ilə müəllimlərinə təşəkkürünü bildirib və onların zəhmətini xüsusi vurğulayıb.
Uşaq Filarmoniyasının rəqs müəllimi Nuranə Qəmbərova və Qönçə Mehdiyevanın ansamblla birlikdə ifası da konsertin yaddaqalan məqamlarından olub.
Konsertin sonunda Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağızadə və direktor müavini Leyla Muradzadə ansamblı və müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.




























