Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 16-18 mart tarixlərində Rusiyada silsilə tanıtım tədbirləri keçirilib.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Tədbirlər, “Şahdağ” Turizm Mərkəzi və “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla, 13 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Moskva və Sankt-Peterburq şəhərlərində təşkil olunub.

Rusiyanın ümumilikdə 240-dan çox turizm şirkəti və media nümayəndəsinin qatıldığı görüşlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib. İştirakçılara ölkəmizin sağlamlıq turizmi, qastronomiya, mədəniyyət və işgüzar tədbirlər sahəsində mövcud imkanları barədə ətraflı məlumat verilib, həmçinin B2B formatında görüşlər keçirilib.

Moskva şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev iştirak edib.