Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və “Beynəlxalq Qalereya”nın (Bakı şəhəri) birgə dəstəyi ilə avqustun 10-da Quba rayonunda "Quba mənzərələri" adlı etüd-sərgi təşkil olunub.

Tədbir “Beynəlxalq Qalereya”nın Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr etdiyi "Vətənpərvərlik etüdləri" layihəsi çərçivəsində (layihə rəhbəri Aygün Əzizova) gerçəkləşib.

25 nəfərlik heyət öncə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Kompleksin direktoru Rəxşəndə Bayramova onlara məkan barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntı zamanı aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə daşnak-bolşevik erməni quldur dəstələri tərəfindən Qubanın müsəlman əhalisinə qarşı törədilmiş soyqırımının sübutudur. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə, Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamına əsasən, Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilən kompleks 2013-cü il sentyabrın 18-də açılıb.

Rəxşəndə Bayramova kompleks ətrafında Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə salınan alma bağından da bəhs edib, 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı həmin bağın məhsullarının hərbçilərimizə göndərilməsindən qürurla söhbət açıb.

“Beynəlxalq Qalereya”nın direktoru Elnurə İsgəndərova xoş qarşılanma və ətraflı məlumata görə Quba Soyqırımı Memorial Kompleksinin direktoruna təşəkkür edib, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.

Sonra rəssamlar Qudyalçayın ətrafında, yaxınlıqdakı Qırmızı qəsəbədə və Qəçrəş meşəsində etüdlər çəkiblər. Qubanın gözəl mənzərələri kətan üzərinə köçürülüb.

Rəssamlara layihədə iştirakla bağlı diplomlar təqdim olunub.

Layihə iştirakçıları Quba mətbəxinin ləziz təamlarının dadına da baxıblar.