Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı, filologiya elmləri doktoru, professor, dövlət xadimi Elçin Əfəndiyevin (13.5.1943 – 3.8.2025) xatirəsinə həsr olunmuş silsilə materiallar – videomaterial, ənənəvi və virtual kitab sərgiləri hazırlanıb.

Videomaterialda ədibin həyat və yaradıcılığına geniş yer verilib. Videoçarxda onun “Tənqid və nəsr”, “Üzeyir Hacıbəylinin publisistikası”, “Ədəbiyyatda tarix və müasirlik problemi” kimi elmi monoqrafiyaları haqqında məlumatlar da əks olunur. Elçin Əfəndiyevin görüşlərdə, səfərlərdə çəkilən foto və video görüntüləri də sərgilənir. Material kitabxananın rəsmi saytında yerləşdirilib.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Elçinin həyat və yaradıcılığının əsas tarixləri, ədib haqqında qələmə alınan “Xalq yazıçısı Elçin”, “Elçinlə ədəbiyyat söhbəti”, “Xalq yazıçısı Elçinin dramaturgiyası”, “Elçin haqqında düşüncələrim”, həmçinin özünün müəllifi olduğu “Daha dərin qatlara”, “Baş”, “Ağ dəvə”, “Mahmud və Məryəm” kimi Azərbaycan, türk və rus dillərində çap edilən kitabların biblioqrafik təsviri yer alır. Virtual sərgi də kitabxananın saytında yerləşdirilib.

Kitabxanada açılan “Elçin Əfəndiyev” adlı ənənəvi sərgidə idə görkəmli yazıçı-dramaturqun həyat və fəaliyyətini, zəngin bədii yaradıcılığını əks etdirən Azərbaycan və rus dillərində 50-dən çox kitab nümayiş olunur.