Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyi Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Qüdrətli liderliyiniz sayəsində qazanılan və 8 avqust 2025-ci ildə ABŞ-nin paytaxtı Vaşinqtonda – Ağ Evdə imzalanmış taleyüklü sənədlərlə öz parlaq təsdiqini tapan misilsiz siyasi nailiyyət, möhtəşəm diplomatik qələbə münasibətilə Sizi ürəkdən təbrik edirik.
Sonsuz sevinc və qürur hissi ilə bildiririk ki, bu tarixi nailiyyət Müzəffər Ali Baş Komandanı olduğunuz qalib Azərbaycan Ordusunun gücü və fədakarlığı ilə 2020-ci ildə Vətən Müharibəsində əldə edilmiş Böyük Zəfərimizin, 2023-cü ildə uğurlu antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpasının siyasi-diplomatik meydanda davamı və beynəlxalq miqyasda qətiyyətlə təsdiqlənməsidir.
Sarsılmaz əzm və iradənizin, gərgin zəhmətinizin bəhrəsi olan bu yeni qələbəniz doğma Azərbaycanımızın Sizin müdrik rəhbərliyiniz altında daha da güclənərək çiçəklənməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda böyük liderlərə xas uzaqgörənliyiniz, uğurlu təşəbbüsləriniz nəticəsində ərsəyə gələn bu mühüm razılaşmalar regionumuzda dinc birgəyaşayışa və rifaha, ümumən dünyada sülh və inkişafa çox vacib töhfədir.
Azərbaycan xalqını, həmçinin, bütün sülhsevər, tərəqqipərvər qələm adamları kimi, bizi qəlbən sevindirən, dərindən ruhlandıran bu parlaq nailiyyət münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, qətiyyətli, məqsədyönlü liderlik fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirik!”.
Məktubu AYB-nin sədri Xalq yazıçısı Anar, AYB-nin 1-ci katibi Xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin sədr müavini Rəşad Məcid, katiblər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu və İlqar Fəhmi imzalayıblar.