
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin (Ankara) növbəti nəşr layihəsi ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyevin (1870–1933) pyesləri Türkiyədə kitab şəklində çap edilib.
Əsərləri Türkiyə türkcəsinə gənc tərcüməçi Atabey Barış və azərbaycanlı alim Təranə Həşimova çeviriblər.
Əbdürrəhim bəy Haqverdiyevin pyeslərinin Türkiyə türkcəsində nəşri həm Azərbaycan ədəbiyyatını öyrənmək arzusunda olanlar, həm də ədəbiyyatımızı tədqiq etmək istəyənlər üçün mühüm mənbə olacaq.
Bundan başqa, nəşr Türkiyə teatrlarında Azərbaycan müəlliflərinin əsərlərinin səhnələşdirilməsi yolunda yeni imkanlar açacaq.
“Abdurrahim bey Hakverdiyevin tiyatro eserleri” (“Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərləri”) adlı kitabda ədibin “Ac həriflər”, “Dağılan tifaq”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Ağac kölgəsində”, “Kimdir müqəssir”, “Ədalət qapıları” və başqa pyesləri yer alıb. Kitabda Haqverdiyevin həyatı və ədəbi fəaliyyətini əks etdirən fotolar da verilib.
Kitabda qeyd olunur ki, Azərbaycan dramaturgiyasında XIX əsrin sonlarından başlanan maarifçiliyin növbəti mərhələsində yaradıcılığa başlayan Əbdürrəhim bəy Haqverdiyev zəngin ədəbi fəaliyyəti, dram əsərləri, yumoristik və satirik hekayələri ilə məşhurlaşıb, ədəbiyyatımıza mühüm töhfələr verib. Əbdürrəhim bəy Haqverdiyevin pyesləri Azərbaycanda milli dramaturgiyası, teatr mədəniyyəti, Şərqin teatr məktəbinin inkişafı və türk xalqları arasında ədəbi əlaqələrin yüksəlişində müstəsna xidmətlər göstərib.
Nəşrin Türkiyədə təqdimatı və aparıcı kitabxanalara, elm-tədris müəssisələrinə hədiyyə edilməsi nəzərdə tutulur.