10–16 avqust tarixlərində Xankəndi şəhərində Qarabağ Universiteti, Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 7-ci Türkoloji Yay Məktəbi keçirilir.
Layihənin əsas məqsəd türkoloji tədqiqat sahəsində gənc alimlərin elmi potensialını gücləndirmək, müxtəlif ölkələrdən gələn iştirakçılar arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, müasir elmi yanaşmaların və praktik tədqiqat metodlarının öyrənilməsinə imkan yaratmaqdır.
Yay məktəbində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Şimali Kipr və Makedoniyadan 32 gənc alim və doktorant türkologiyanın müxtəlif istiqamətləri – dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və mədəniyyət araşdırmaları üzrə intensiv dərslərdə iştirak edəcək.
Tədris prosesi 5 ölkədən – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan 15 alim və mütəxəssisin iştirakı ilə həyata keçirilir.