Qazaxıstanda “Aktau – Türk Dünyasının Mədəniyyət Paytaxtı” proqramı çərçivəsində URKER Beynəlxalq Animasiya Film Festivalı keçirilib.
Bu barədə Azərbaycan Animasiya Assosiasiyasından məlumat verilib.
Festivalın əsas müsabiqə proqramında tanınmış azərbaycanlı rejissor Məsud Pənahinin “Narqız” animasiya filmi də nümayiş olunub və münsiflər heyəti tərəfindən “TÜRKSOY xüsusi mükafatı”na (Türk dünyasının mədəni irsinə və bədii ifadəsinə göstərilən töhfəyə görə) layiq görülüb.
Mükafatı TÜRKSOY-un baş katibi Sultan Raev “Narqız” filminin prodüseri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyevə təqdim edib.
Özbəkistan rejissoru Mavzur Mahmudovun rəhbərlik etdiyi festivalın münsiflər heyətində Azərbaycan Animasiya Assosiasiyasının üzvü, Türk Animasiya Assosiasiyanın (ATA) sədri, “Plastilin” (Finlandiya) və “Alove” (Azərbaycan) studiyaların direktoru Oqtay Yusibov, Türkiyənin “Rafadan Tayfa” serialının rejissoru və prodüseri İsmail Fidan, Qazaxıstan sosial antropoloqu Evfrat B.İmambek və Qırğızıstan rejissoru Kanybek Omurbekov yer alıblar.
Festivalın müsabiqədənkənar proqramında azərbaycanlı rejissor Nəzrin Ağamalıyevanın “Hədis” animasiya filmi də nümayiş olunub.
Festivalın təşkilatçıları Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Mangistau Vilayəti Akimatıdır. “Yeni türk zamanının animasiyası” şüarı altında keçirilən URKER festivalının gələcəkdə Türk dünyası animasiya mühitində mühüm körpü rolunu oynayacağı gözlənilir.
Avqustun 5-dən 8-dək davam edən festivalın əsas məqsədi görkəmli qazax alim-mifoloq Serikbol Kondıbayın (1968–2004) zəngin irsini tanıtmaq və Türk dünyası ölkələrinin animasiya sənətini bir araya gətirmək olub.