Tarixdəki olaylar

 

7 avqust 1960 – Fransanın Afrikadakı müstəmləkəsi olan Fil Dişi Sahili dövlət müstəqilliyini elan edib. Sonradan Kot D`İvuar (fransız dilində "Fil Dişi Sahili") Respublikası adlandı.

 

7 avqust 1992 – Prezident Əbülfəz Elçibəy Azərbaycanda "Ərazi müdafiə qərargahlarının yaradılması haqqında" fərman imzalayıb. Fərman Ermənistan silahlı qüvvələrinin Azərbaycanın sərhəd bölgələrində və Dağlıq Qarabağda azərbaycanlı yaşayış məntəqələrinə hücumlarının qarşısını almaq üçün yerli əhalinin səfərbər edilməsini nəzərdə tuturdu. Lakin bu qərar eyni zamanda hərbi özbaşınalığa, yerlərdə vahid komandanlığa tabe olmayan silahlı dəstələrin yaranmasına rəvac verdi.

 

7 avqust 1993 – Azərbaycanın cənub bölgəsində Ələkram Hümbətovun başçılığı altında qondarma qurumun – “Talış-Muğan Respublikası”nın yaradıldığı elan olunub. Xalq Cəbhəsi iqtidarı dövründə Müdafiə Nazirliyində yüksək postlar tutan (bir müddət nazir müavini) tutan polkovnik Ə.Hümbətovun avantürası Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıdışı ilə barışmayan daxili və xarici qüvvələr tərəfindən təşviq olunurdu. Yerli əhali arasında bu separatçılığın real dəstəyi yox idi. İki həftə sonra Ali Sovetin sədri və Prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin qətiyyətli tədbirləri və yerli əhalinin geniş dəstəyi nəticəsində ölkənin cənubundakı separatçılıq avantürasına son qoyuldu. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

7 avqust 1867 – Alman ekspressionist rəssamı Emil Nolde (Hans Emil Hansen; 1867 – 13.4.1956) anadan olub.

 

7 avqust 1911 – Amerika aktyoru və kinorejissoru Nikolas Rey (Nicholas Ray; 1911 – 16.8.1979) anadan olub. “İdealsız üsyankar” filminə görə “Oskar” mükafatı alıb.

 

7 avqust 1930 – Milli təsviri sənətin görkəmli nümayəndəsi, Azərbaycanın və  SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (1930 – 2.6.2013) Bakıda anadan olub. Natürmort, portret, mənzərə və s. janrlarda əsərlərin, freskaların müəllifidir. Teatr tamaşalarına bədii tərtibat verib, “Dədə Qorqud” filminə rəsmlər çəkib. Parisdə dəfn olunub.

 

7 avqust 1944 – Şair, ədəbiyyatşünas Əhməd Elbrus (Elbrus Misir oğlu Əhmədov; 1944–2006) Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub.

 

7 avqust 1960 – Əməkdar artist Yusif Əlibala oğlu Dadaşov (1913–1960) vəfat edib. Gənc Tamaşaçılar Teatrı yaranandan (1928) onun səhnəsində aktyor kimi çıxış edib.

 

7 avqust 2023 – Əməkdar memar Feyzulla Ağasəfər oğlu Quliyev (2.2.1940 – 2023) vəfat edib.

Hazırladı: Vüqar Orxan