Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə bu il ölkəmizdə ikinci dəfə Uşaq İncəsənət Festivalı keçirilir. Festivalın bölgələr üzrə II seçim mərhələsi başlanıb.
Avqustun 4-də Şəki-Zaqatala bölgəsində "Uşaq İncəsənət Festivalı – 2025”in II seçim mərhələsinə start verilib.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Vüsal Həsənovun bildirdiyinə görə, bölgə üzrə festivalın ikinci seçim mərhələsi Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunub.
Seçimlərdə festivalın birinci turunda uğur qazanan uşaqlar iştirak edirlər. Seçimin ilk günündə uşaqlar milli və müasir rəqslər nominasiyaları üzrə istedadlarını nümayiş etdiriblər. Onların ifaçılıq bacarıqları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Şəki-Zaqatala bölgəsi üzrə festivalın II mərhələsinin seçim turu avqustun 21-dək davam edəcək. İştirakçılar 22 nominasiya üzrə ifaçılıq bacarıqlarını nümayiş etdirəcəklər.
***
Avqustun 4-də Naxçıvanda da "Uşaq İncəsənət Festivalı – 2025" çərçivəsində II seçim turu başlanıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən bildirilib ki, ilk gün seçim xor kollektivi, solo milli rəqs və milli rəqs ansamblı nominasiyaları üzrə olub.
Muxtar respublika üzrə ümumilikdə 1000-dən çox iştirakçı qeydiyyatdan keçib. 15 kollektiv, 342 nəfər isə fərdi nominasiyalar üzrə II turda iştirak hüququ qazanıb.