Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.
DİM-dən bildirilib ki, bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən abituriyentlər iştirak ediblər.
İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan və Xaçmaz şəhərlərində təşkil olunub.
İmtahanda iştirak üçün 1071 abituriyent qeydiyyatdan keçib.
DİM-in elektron imtahanlar korpusunda imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mərkəzin əməkdaşları, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Mətbuat Şurası və media nümayəndələrinin iştirakı ilə təklif olunan 250-dən çox mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.
İmtahanın nəticələri yazı işlərinin yoxlanılması prosesi başa çatdıqdan sonra 4-5 gün ərzində elan olunacaq.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.