Avqustun 4-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli nasir, dramaturq, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı, ictimai-siyasi xadim Elçin Əfəndiyevlə vida mərasimi keçirilib.

Mərasimdə Baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət, ədəbiyyat, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi Gənc Tamaşaçılar Teatrının matəmsayağı bəzədilmiş səhnəsində qoyulub. Cənazənin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət qurumları, teatrlar və ictimai təşkilatlar adından əklillər düzülüb.

Vida mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Xalq yazıçısı, dövlət xadimi Elçin Əfəndiyevin vəfatı yalnız ailəsinin və yaxınlarının deyil, eyni zamanda, xalqımızın, ədəbi sözümüzün və ziyalı dünyamızın ağır itkisidir.

Elçin Əfəndiyevin özünəməxsus və zəngin yaradıcılığı ilə ədəbiyyatımızın inkişafında silinməz iz qoyduğunu söyləyən S.Yusifova deyib ki, onun ömür yolu böyük bir dövrün ədəbi və mədəni salnaməsidir – XX əsrin ikinci yarısından XXI əsrə qədər uzanan çoxşaxəli yaradıcılıq yoludur.

“Elçin müəllim yazıçı kimi həm klassik ənənəni qorudu, həm də müasir ədəbiyyata yeni nəfəs gətirdi. Onun əsərlərində biz tarixi hadisələri, insan talelərini, zamanın mənzərəsini və millətimizin mübarizə yolunu gördük. Bu əsərlər xalqın yaddaşını və mənəvi dəyərlərini yaşadan sənət nümunələridir. Təsadüfi deyil ki, görkəmli yazıçımızın “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Bayraqdarlar”, “Ölüm hökmü”, “Baş” kimi əsərləri, eləcə də çoxsaylı hekayələri, pyesləri, eləcə də elmi-nəzəri yazıları milli ədəbiyyatımızın qızıl fondunun incilərindən hesab olunur.

Görkəmli yazıçımızın və ictimai xadimimizin xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, Xalq yazıçısı fəxri adına (1998), “İstiqlal” (2003), Şərəf (2013), “Şöhrət” (2018) ordenlərinə, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna (2023), eləcə də bir çox xarici ölkələrin mükafatlarına layiq görülüb.

Elçin Əfəndiyevin zəngin irsi əbədi olaraq yaşayacaq, ədəbiyyatımıza bəxş etdiyi əsərlər gələcək nəsillərə yol göstərəcək, onun xatirəsi xalqın yaddaşında daim uca tutulacaqdır”, – deyə mədəniyyət nazirinin müavini vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Xalq yazıçıları Kamal Abdulla və Çingiz Abdullayev, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə heyətinin sədri Xalq artisti Hacı İsmayılov çıxış edərək Elçin Əfəndiyevin vəfatını böyük kədər hissi ilə qarşıladıqlarını söyləyiblər.

Çıxışlarda vurğulanıb ki, Elçin ədəbi yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.

Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayıb. Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən tanınmış simalardan biri olub.

Diqqətə çatdırılıb ki, Elçin Əfəndiyev ictimai-siyasi xadim kimi də Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bundan əlavə, ötən əsrin 80-ci illərinin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib.

Xüsusi qeyd edilib ki, Elçin Əfəndiyevin xalqımızın tarixi, taleyi və bədii irsi ilə bağlı olan, uzaq və yaxın keçmişimizin mənzərəsini canlandıran əsərləri XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Yazıçının yaradıcılığı yalnız Azərbaycanda deyil, sərhədlərimizdən kənarda da elmi-tədqiqat obyektinə çevrilir. Onun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva ailələri adından atasının yaradıcılığına hər zaman böyük diqqətlə yanaşan Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Belə ağır gündə onları tək qoymadığına görə bütün iştirakçılara təşəkkürünü bildirən Günay Əfəndiyeva böyük yazıçı olmaqla yanaşı, xoşbəxt bir ailə modeli yaratdığına, hər zaman xeyirxahlığı, alicənablığı, yüksək insani keyfiyyətləri ilə könüllərdə özünə əbədi sevgi quran atasına borclu olduqlarını söyləyib.

Xalq yazıçısı Elçin Əfəndiyevin cənazəsi Gənc Tamaşaçılar Teatrının binasından qaldırılaraq Fəxri xiyabana gətirilib. Burada mərhumun ruhuna dualar oxunub. Sonra cənazə torpağa tapşırılıb. Məzarın üzərinə əklillər, gül dəstələri düzülüb.

Allah rəhmət eləsin.