Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Kinosu Günü ərəfəsində və Xalq yazıçısı Maqsud İbrahimbəyovun (1935– 2016) 90 illik yubileyi çərçivəsində müəllifin ssenarisi əsasında ekranlaşdırılan bədii filmlər haqqında materiallar hazırlanıb.
“Ədəbiyyatdan mavi ekrana – Maqsud İbrahimbəyov yaradıcılığı” başlığı altında təqdim edilən və “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim” və “Ən vacib müsahibə” bədii filmlərinə həsr edilən materiallar kitabxananın saytında yerləşdirilib. Videomateriallarda geniş oxucu və izləyici rəğbəti qazanmış bu əsərlərin yazılma tarixi, qısa məzmunu, ekran həyatı, yaradıcı heyətinin üzvləri, layiq görüldüyü mükafatlar haqqında məlumat verilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda sözügedən ekran əsərlərindən foto və videogörüntülər, yaddaqalan fraqmentlər də təqdim edilir.
Kitabxanada təşkil edilən ənənəvi kitab sərgisində Azərbaycan kino tarixindən, onun inkişaf mərhələlərindən, öz adlarını Azərbaycanın kinematoqrafiya tarixinə qızıl hərflərlə yazmış korifeylərin həyat və yaradıcılığından bəhs edən “Heydər Əliyev və kinematoqraf”, “Kino və həyat”, “Səhnə fədailəri” kimi 60-dan çox kitab sərgilənir.
***
Milli Kitabxana isə “2 avqust – Azərbaycan Kinosu Günü” adlı virtual və ənənəvi kitab sərgilərini oxuculara təqdim edib.
Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, kino tariximiz, milli kinomuzun ilkləri, kino sənətkarlarının həyat və yaradıcılığı haqqında dövri mətbutda çap olunan məqalələr, fotolar, kitablar və müxtəlif resurslar tam mətni ilə təqdim olunur.
Ənənəvi sərgidə Azərbaycan kino sənəti tarixi, kino salnaməsi, adları milli mədəniyyət tariximizə qızıl hərflərlə yazılmış kinomuzun təşəkkül tapmasında müstəsna xidmətləri olan sənətkarların, aktyorların, rejissorların, kinematoqrafçıların həyatı və yaradıcılığı haqqında və s. monoqrafiyalar, dərsliklər, müxtəlif dillərdə ədəbiyyat nümayiş olunur.
***
Qeyd edək ki, dünya kinosunun yaranması – Fransada keçirilmiş ilk kinoseansdan (1896) iki il sonra – 1898-ci il avqustun 2-də Bakıda elmi-foto dərnəyinin katibi, fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin tarix Azərbaycanda kinonun yaranma günü hesab olunur.
1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” tammetrajlı bədii filmlər çəkilib.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də I Dövlət Kinofabriki (kinostudiya) açılıb. 1926-cı ildə Dövlət Kinofabriki “Azdövlətkino”, sonrakı illərdə “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası” və nəhayət, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən kinostudiya Cəfər Cabbarlının adını daşıyır.
“Azərbaycanfilm”də indiyədək müxtəlif növ və janrda iki mindən çox film istehsal olunub.