
Tanınmış aktyor, respublikanın Xalq artisti Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyevin avqustun 1-də imzaladığı sərəncama əsasən, Fəxrəddin Manaf oğlu Manafov Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə yüksək dövlət təltifinə layiq görülüb.
Qeyd edək ki, avqustun 2-də Fəxrəddin Manafovun 70 yaşı tamam olur. Kino işçilərinin peşə bayramında öz ad gününü qeyd edən aktyor 2 avqust 1955-ci ildə Xankəndi şəhərində anadan olub.
40 ildən çoxdur ki, Azərbaycan kinosunun sevilən simalarından biri olan Fəxrəddin Manafov güclü aktyor istedadı sayəsində və müxtəlif filmlərdə oynadığı xarakterik rollarla təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da geniş tamaşaçı rəğbəti qazanıb.
O, həmçinin teatr səhnəsində (o cümlədən Akademik Rus Dram Teatrında) yaddaqalan obrazlar yaradıb.
Fəxrəddin Manafovu əlamətdar yubileyi, dövlət təltifi və illərini verdiyi peşəsinin bayramı münasibətilə təbrik edir, cansağlığı arzulayırıq!