İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıdakı Regional ofisində mədəni irs obyektlərinin bu təşkilatın siyahılarına daxil edilməsi üçün nominasiya dosyelərinin hazırlanmasına həsr olunmuş seminar keçirilir.
Seminar ICESCO-nun baxışına uyğun olaraq, ICESCO İrs Mərkəzinin və təşkilatın Bakıdakı Regional ofisinin strateji məqsədləri çərçivəsində təşkil olunub. Məqsəd üzv ölkələrin regionun zəngin mədəni irsini qorumaq və təbliğ etmək səylərini dəstəkləməkdir.
Açılış nitqi ilə çıxış edən ICESCO-nun Bakı Regional ofisinin direktoru Abdulhakim əl-Sənan seminar iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib, mədəniyyətin təkcə tarixi keçmişin bir hissəsi deyil, həm də bugünün mühüm elementi olduğunu, milli kimliyi formalaşdırdığını və xalqlar arasında körpü rolunu oynadığını vurğulayıb. Onun sözlərinə görə, mədəni irsin qorunması gələcəyə qoyulan sərmayədir, həmçinin gələcək nəsillərə mənsubiyyət və özünəinam hissi verir.
ICESCO-nun Beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov regionun müxtəlif ölkələrinin nümayəndələrini bir araya gətirən təşəbbüsə görə təşkilatçılara, regional ofisin direktoru Abdulhakim əl-Sənana və komandasına təşəkkür edib. 2025-ci ilin aprelində Bakıda ICESCO-nun Regional ofisinin açılışı zamanı təşkilata hərtərəfli dəstək verən Azərbaycan Hökumətinin və Milli Komissiyanın səylərini xüsusi diqqətə çatdıran Anar Kərimov deyib: “Bugünkü seminar artıq bu ofisdə keçirilən ikinci tədbirdir. Bir həftə əvvəl burada Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstandan olan ekspertləri bir araya gətirən layihəyə start verilib. Bu, təhsil, elm və mədəniyyət sahələrində inteqrasiya istiqamətində həqiqətən tarixi addım idi”.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova da çıxış edib. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO arasında əməkdaşlığın vacibliyini vurğulayıb. Bildirib ki, yaxın vaxtlarda iki qurum arasında anlaşma memorandumunun imzalanması, həmçinin Qırğızıstanın İssık-Kul gölünün sahilində keçiriləcək “Rux Sanat” beynəlxalq mədəniyyət forumunda iştirak planlaşdırılır. Fondun rəhbərinin fikrincə, memorandum mədəni irsin qorunması və təbliğinə yönəlmiş birgə layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacaq.
ICESCO-nun Bakı Regional ofisinin direktor müavini Məryəm Qafar-zadə təşkilatın fəaliyyət missiyasından danışıb. Vurğulayıb ki, ICESCO-nun əsas məqsədi təhsil, elm, mədəni irsin qorunması, gənclərin və qadınların hüquqlarının müdafiəsi, gənclərin səlahiyyətlərinin artırılması və mədəni dialoqun gücləndirilməsinə yönəlmiş proqram və layihələrə çıxış yolu ilə region ölkələrinin imkanlarını genişləndirməkdir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri Rüfət Mahmud mədəni irsin mühafizəsi sahəsində region ölkələrinin səylərinin birləşdirilməsində strateji rol oynayan aparıcı təşkilat olan ICESCO ilə sıx əməkdaşlığın vacibliyini qeyd edib. Onun sözlərinə görə, tarixi-mədəni irsin qorunması və yerli mədəniyyətin fəal təbliği milli kimliyin formalaşmasının tərkib elementləridir, həmçinin davamlı inkişaf və mədəni tərəqqi üçün möhkəm zəmin rolunu oynayır.
Seminar aidiyyəti ölkələrdə mədəni irs mütəxəssislərinin potensialını gücləndirmək məqsədi daşıyır. Əsas diqqət obyektlərin sənədləşdirilməsi və konservasiyası, milli inventarların hazırlanması və xüsusilə də İslam dünyasının görkəmli irs obyektlərinin müəyyən edilməsi, onların qorunmasına yönəlmiş obyektlərin İslam Dünyası İrs Siyahısına daxil edilməsi üçün nominasiya fayllarının hazırlanması və təqdim edilməsi kimi sahələrdə iştirakçıların bilik və praktiki bacarıqlarının artırılmasına yönəlib.
Seminar işini treninq sessiyaları ilə davam etdirib.
Sessiyalara Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistandan nümayəndələr və mütəxəssislər qatılıblar.
Proqram həm maddi, həm də qeyri-maddi mədəni irs obyektləri üçün nominasiya fayllarının tərtib edilməsi, sonradan ICESCO-nun siyahılarına təqdim edilməsi üzrə praktiki bacarıqların inkişaf etdirilməsi məqsədini daşıyır.