
İylulun 28-də unudulmaz bəstəkar, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli Vasif Adıgözəlovun (1935–2006) anadan olmasının 90 illiyi tamam olur.
Bu münasibətilə Milli Kitabxanada "Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərgidə bəstəkarın operaları, simfonik poemaları, mahnı və romansları, kamera-instrumental əsərləri, musiqili komediyalara, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqi notları, həyat və yaradıcılığı haqqında kitablar, "Yaradıcı həyatın anları" fotoalbomu və s. Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, bəstəkar 2 operanın – "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın, o cümlədən "Nənəmin şahlıq quşu", bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı "Hacı Qara", "Boşanaq – evlənərik", "Aldın payını, çağır dayını", həmçinin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala–1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.