“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “İçərişəhər” Muzey Mərkəzinin Elmi şurası yaradılıb. Elmi şuranın ilk iclası keçirilib.
İdarənin yaydığı məlumata görə, Elmi şura muzey mərkəzinin elmi-ekspozisiya, tədqiqat, bərpa və metodiki fəaliyyətinin sistemli təşkili, elmi yanaşmaların tətbiqi və idarəetmədə keyfiyyətin artırılması məqsədilə yaradılıb.
İclasda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətini sədri Rüfət Mahmud çıxış edərək Elmi şuranın yaradılmasının tarixi və mədəni irsin qorunması baxımından mühüm addım olduğunu bildirib. O, İçərişəhərdə tarixi abidələrin muzeyləşdirilməsi, “Ağıllı qoruq” layihəsi, rəqəmsal monitorinq sistemləri, təbii və mədəni irsin qorunması istiqamətində həyata keçirilən qlobal vəzifələr haqqında məlumat verib.
Qeyd olunub ki, elmi fəaliyyət yalnız akademik deyil, eyni zamanda, turizm və ictimai maarifləndirmə baxımından da əhəmiyyət daşıyır.
İclasda AMEA Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Azadə Hüseynova çıxış ediblər.
Elmi şuranın gələcək fəaliyyət istiqamətləri, ekspozisiyaların elmi əsaslarla təşkili, nəşrlər və tədqiqat layihələri müzakirə olunub.