Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar yazıçı-jurnalist, tarixi abidələrimiz, Bakı kəndlərinin tarixi, Qarabağ müharibəsi qəhrəmanları haqqında kitabların və silsilə yazıların müəllifi Təranə Cəbiyeva ilə görüş keçirildi.

Əvvəlcə Azərbaycanın Dövlət Himni oxundu, şəhidlərin xatirəsi yad edildi.

MKS-nin direktor müavini Sakitə Quliyeva qonaqları salamladı.

Sonra tədbirin aparıcısı Günel Səfərova yazıçı-jurnalist Təranə Cəbiyevanın dövrü mətbuatda dərc olunan məqalələri, kitabları haqqında məlumat verdi.

Təranə Cəbiyeva çıxışında vurğuladı ki, böyük maarifçi, vətənpərvər ziyalı Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ildə “Əkinçi” qəzetinin nəşrə başlaması, Azərbaycanda milli mətbuatın əsasını qoymaqla yanaşı, milli şüurun oyanmasına töhfə verib. Mətbuatımız ötən 150 ildə zəngin bir yol keçib. Bu yolun yolçuları – mətbuat işçiləri fədakar peşə sahibləridir.

Görüşdə şairə-jurnalist Zərəngiz Dəmirçi Qayalı, Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası, Suraxanı rayonundakı 226 nömrəli məktəbin direktoru Arzu Məmmədova, şəhid Səbuhi Orucovun anası Narınc Orucova, şəhid Nazim Kırxlarovun anası Sultanxanım Kırxlarova, 2016-cı il Aprel döyüşlərinin şəhidi Rəşad Niftalılının atası Şakir Niftalıyev, I Qarabağ müharibəsi şəhidi Nəriman Həmidovun bacısı Səkinəxanım Həmidova çıxış etdilər.

Çıxış edənlər Təranə Cəbiyevanın vətənpərvərlik hissiylə qələmə aldığı yazılarını və kitablarını yüksək dəyərləndirərək, ona yeni yaradıcılıq uğurları arzuladılar.

S.Hacıyeva