İyulun 21-də Mərkəzi Aran RMİ-nin təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Zərdab rayon Heydər Əliyev Mərkəzində təşkil edilən “Mətbuat – zamanın güzgüsü” adlı tədbirdə regional idarənin rəhbərliyi, media nümayəndələri, idarə, müəssisə və təşkilatların məsul şəxsləri, digər qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhid jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanda milli mətbuatın əsasını qoyan “Əkinçi” qəzeti barədə videoçarx nümayiş olunub.
Çıxışlarda 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan "Əkinçi" qəzetinin xalqımızın milli ruhunun formalaşmasında yeni mərhələ olduğu, qəzetin Azərbaycanda maarifçiliyə böyük töhfə, o dövrdə ictimai, bədii düşüncənin inkişafına təkan verdiyi vurğulanıb.
Tədbir Ağdaş və Zərdab rayon mədəniyyət müəssisələri əməkdaşlarının təqdimatında hazırlanmış ədəbi-bədii kompozisiya ilə davam edib.
Sonda Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar regional idarə adından media nümayəndələrinə təşəkkürnamə təqdim edilib.
Nurəddin