Tarixdəki olaylar
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür. 22 iyul 1875-ci ildə Azərbaycan mətbuatının müjdəçisi – Həsən bəy Zərdabinin redaktoru olduğu “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. İki il ərzində cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın milli oyanışında böyük rol oynayıb, bütün Qafqazda əks-səda doğurub. “Əkinçi”nin maarifçi ideyaları çar Rusiyasının hakim dairələrini narahat edib və qəzet 1877-ci ildə bağlanıb. "Əkinçi"dən sonra Azərbaycan mətbuatının yeni səhifələrini açan "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (1890) qəzetləri nəşrə başladı.
22 iyul 1990 – Heydər Əliyev 1982-ci ildən yaşadığı Moskvadan Azərbaycana qayıdıb. Respublikanın rəhbərliyi (Prezident Ayaz Mütəllibov) onun Bakıda yaşamasına imkan verməyib və Heydər Əliyev doğulub boya-başa çatdığı Naxçıvana gedib. Heydər Əliyev Naxçıvanda xalq kütlələrinin böyük izdihamı ilə qarşılanıb. Bu, böyük siyasətçinin yenidən fəal siyasətə qayıdışı idi.
22 iyul 1993 – Erməni silahlı qüvvələri Qarabağ münaqişəsi zonasından kənarda olan Tərtər və Qazax rayon mərkəzlərini raket atəşinə tutub. Hər iki şəhərdə ümumilikdə 11 dinc sakin həlak olub, 30-dək adam yaralanıb.
22 iyul 2001 – Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
22 iyul 1889 – Amerika rejissoru, qorxu filmlərinin yaradıcılarından Ceyms Veyl (James Whale; 1889–1957) anadan olub. Filmləri: “Köhnə qaranlıq ev”, “Gözəgörünməz adam”, “Dəmir maskalı adam” və s.
22 iyul 1926 – Rus yazıçısı Sergey Baruzdin (1926–1991) anadan olub. Uşaqlar üçün kiçik hekayələrin müəllifidir.
22 iyul 1934 – Amerika aktrisası Luiza Fletçer (Louise Fletcher; 1934 – 23.9.2022) anadan olub. “Oskar” mükafatçısıdır (1975, “Qu quşu yuvası üzərindən uçuş”, tibb bacısı).
22 iyul 1884 – Filosof və tarixçi, Azərbaycan Elmlər Akademiyasının akademiki Aleksandr Osipoviç Makovelski (1884–1969) anadan olub. 1920–1960-cı illərdə Bakı Dövlət Universitetində dərs deyib, akademiyanın Fəlsəfə İnstitutunun direktoru olub.
22 iyul 1941 – Xalq artisti, diktor Yusif Mehdi oğlu Muxtarov (1941 – 25.4.2010) Sabirabad rayonunun Kürkəndi kəndində doğulub. Filmlərdə, teletamaşalarda çəkilib, dublyajda iştirak edib.
22 iyul 1949 – Xalq artisti Yuri Nikolayeviç Baliyev (1949–2018) anadan olub. Akademik Rus Dram Teatrının aktyoru olub, filmlərə (“Ovsunçu”, “Hökmdarın taleyi” və s.) çəkilib.
22 iyul 1959 – Şair Akif Səməd (Akif Səməd oğlu Məmmədov; 1959–2004) Qazax rayonunun Astanbəyli kəndində anadan olub.
Hazırladı: Vüqar Orxan