“Sea Breeze Resort” kompleksinin "Şöhrət xiyabanı"nda (“Sea Breeze Walk of Fame”) “Bakılı oğlanlar” KVN komandasının kapitanı, ictimai xadim, Milli Məclisin deputatı, müasir Azərbaycan mədəniyyətinin parlaq simalarından biri Anar Məmmədxanovun (1970–2011) şərəfinə adlı ulduzun açılışı olub.
Tədbirdə Anar Məmmədxanovun anası Səidə İbrahimova, oğlu İslam Məmmədxanov, həyat yoldaşı İradə Məmmədxanova, bacısı Naidə Məmmədxanova, qızı Məryəm Məmmədxanova, nəvələri Əlişa və Leyli Hacıhəsənovlar iştirak ediblər.
Azərbaycanın Xalq artisti, iş adamı Emin Ağalarov, Xalq artisti Tünzalə Ağayeva, Ənvər Sadıxov, bəstəkar, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, əfsanəvi “Bakılı oğlanlar” KVN komandasının üzvləri də mərasimə qatılıblar.
Anar Məmmədxanovun çoxşaxəli istedadı, tamaşaçıların qəlbini fəth edən xüsusi yumor hissi, təkrarolunmaz aktyorluq məharəti və insani cazibəsi haqqında xoş sözlər söylənilib.
Çıxış edənlər onun parlaq layihələrini xatırladıblar. Anar Məmmədxanovun milli mədəniyyəti inkişaf etdirmək istəyi xüsusi qeyd olunub.
Mərasimin açılışı Anar Məmmədxanovun oğlunun sözləri ilə əlamətdar olub: “Atam bütün həyatı boyu sevincini ətrafdakı insanlarla bölüşüb. O, nur, təbəssüm, hərarət bəxş edən bir insan idi. Atam artıq 14 ildir aramızda yoxdur, amma indi də bizə işıqlı və sevincli anlar bəxş edir”.
Anar Məmmədxanovun həyat yoldaşı İradə xanıma deyib: “Bu, sadəcə, bir məkan deyil, həm də Emin Ağalarovun və digər insanların səyləri ilə təcəssümünü tapan “canlı xatirə məktubu”dur”. O, belə bir ləyaqətli insanın xatirəsini əbədiləşdirdiyinə görə təşkilatçılara və həyat yoldaşı ilə uzun illər səmimi münasibət saxlamış insanlara təşəkkür edib.
Xalq yazıçısı, “Kapitanın taleyi” kitabının müəllifi Elmira Axundova deyib: “Anar hələ uşaqlıqdan - məktəbdə, universitetdə, KVN-də, parlamentdə ulduz olub. “Birinci” sözü ona yaraşırdı. O, hər şeydə birinci olub - ən gənc deputat, elektron portalını ilk yaradan insan kimi xatırlanır. Anar olduqca istedadlı publisist idi və çox şeyi, hətta bizim Qarabağdakı Qələbəmizi belə görürdü və uzun illər bu günü gözlədi. Hər dəfə Şuşaya gedəndə, onu xatırlayıram”.
“Bakılı oğlanlar” KVN komandasının keçmiş bədii rəhbəri, ssenarist, rejissor, NTV kanalının (Rusiya) baş prodüseri Timur Vaynşteyn dostunun unikallığını qeyd edib: “Anar həmişə parlayan ulduz olub. O, həqiqətən diqqət, təbəssüm, mehribanlıqla insanlara qarşı səxavətli olmağı bacarırdı, hamını xoşbəxt etməyə çalışırdı, hətta bəzən, sadəcə, onların yanında olmaqla. Anar burada olsaydı, “Sea Breeze”ə pərəstiş edərdi. O, istedadla və can-başla görülən hər işi yüksək qiymətləndirirdi”.
“Xəzər” telekanalının baş direktoru Xalq artisti Murad Dadaşov da Məmmədxanovla bağlı xatirələrini bölüşüb: “Bunu dəfələrlə və çox ucadan təkrar edərək vurğulayırıq: onun yoxluğu dözülməz bir vəziyyətdir. O, ölkənin mədəni şüurunun bir hissəsinə, onun daxili işığına çevrildi. Sabah Anarın ad günüdür. Nə qədər çətin olsa da, yenə də sevincli bir gündür. Bizim üçün ilham mənbəyinə çevrilən bir insanın dünyaya gəldiyi günü qeyd edirik”.
Azərbaycanın Xalq artisti, Bolşoy Teatrın solisti Elçin Əzizov çıxışında qeyd edib: “Anar hələ də böyük plakatdan bizə baxıb gülümsəyir. O, həmişə parlaq və pozitiv insan olub, yaddaşlarda da belə qalıb. Eminə belə bir tədbiri təşkil etdiyi üçün minnətdaram”.
Sonra Anar Məmmədxanovun adlı ulduzunun təntənəli açılışı olub.
Qeyd edək ki, “Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında artıq 28 əfsanəvi şəxsiyyətin – Müslüm Maqomayev, Vaxtanq Kikabidze, Devid Foster, Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov, Vaqif Mustafazadə və bir çox görkəmli mədəniyyət və incəsənət xadiminin adlı ulduzları təqdim olunub.