Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədr müavini, rejissor Hacı Səfərovun “Tərsinə kölgələr” adlı qısametrajlı bədii debüt filmi 21-ci Kazan Beynəlxalq Film Festivalının “Qısametrajlı filmlər” bölməsində nümayiş olunacaq.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb. Film yazıçı Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında çəkilib.

İllər sonra azadlığa çıxmış qəhrəman dramatik dilemma qarşısında qalır. O, sevgi və intiqam arasında seçim etməlidir.

Filmin ssenar müəllifi Hacı Səfərov, prodüserləri Emil Nəcəfov, Hacı Səfərov, Türkan Hüseyn, operatoru Elvin Məmməd, quruluşçu rəssamı Bahar Dəmir, Pərviz Bayramquliyev, Gülnar Rəhimzadə, bəstəkarı Nigar Süleyman, montajçıları Mirzəli Əlizadə, Mətləb Muxtarov, ikinci rejissoru Vəfa Fətullayeva, xətt prodüseri Ülviyyə Məmmədovadır.

Baş rolları Əməkdar artist Rasim Cəfər və Zülfiyyə Məmmədova canlandırıblar.

“Chinar Film” MMC tərəfindən istehsal olunan ekran əsəri 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsinin qalib layihələrindəndir. Azərbaycan Kinematoqrafçılar İttifaqı filmin çəkilişlərinə maliyyə dəstəyi ayırıb. Filmin ərsəyə gəlməsinə “Ultra Production” və “Düymə” agentliyi də dəstək göstərib.

Qeyd edək ki, "Qızıl minbər" Kazan Beynəlxalq Film Festivalı bu il 6-9 sentyabr tarixlərində keçiriləcək.