Tarixdəki olaylar
18 iyul 1908 – Səttarxanın başçılıq etdiyi inqilab (Məşrutə inqilabı) Təbrizdə qələbə çalıb. Təbriz İran inqilabının (1905–1911) mərkəzinə çevrilib. 1909-cu ildə Cənubi Azərbaycanda yerli hakimiyyət orqanları qurulmağa başlandı. 1910-cu ilin martında Səttərxanın fədailəri Tehrana yürüşə başladılar, lakin İran monarxiyasının çar Rusiyasını köməyə çağırması ilə inqilab süqut etdi.
18 iyul 1988 – SSRİ Ali Soveti Rəyasət Heyətinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş iclası keçirilib. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Mixail Qorbaçovun sədrlik etdiyi iclasda Azərbaycan və Ermənistanın siyasi rəhbərliyi, hər iki respublikanın SSRİ Ali Sovetindəki deputatları iştirak ediblər. Gərgin mübahisələrlə keçən iclasda "Dağlıq Qarabağ barəsində məsələyə dair" qərar qəbul olunub. Sənəddə Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağı ilhaq etmək barədə qərarının yolverilməz olduğu və onun ləğv edilməsinin zəruriliyi vurğulansa da, Yerevan bu çağırışı saya salmadı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
18 iyul 1811 – İngilis yazıçısı Vilyam Tekkerey (William Makepeace Thackeray; 1811 – 24.12.1863) anadan olub. “Şöhrətpərəstlik yarmarkası”, “Snoblar kitabı” və s.
18 iyul 1903 – Azərbaycanın Əməkdar incəsənət xadimi Sergey Mayorov (1903–1973) anadan olub. Dövlət Rus Dram Teatrında quruluşçu rejissor və baş rejissor işləyib.
18 iyul 1927 – Tanınmış heykəltaraş, Xalq rəssamı Tokay Həbib oğlu Məmmədov (1927 – 2.5.2018) Bakıda anadan olub. Üzeyir Hacıbəylinin, Nəsiminin (İ.Zeynalovla birlikdə), Füzulinin (Ö.Eldarovla birlikdə), Koroğlunun Bakıda ucaldılan heykəllərinin müəllifidir. Dövlət Rəssamlıq Akademiyasının professoru kimi gənc heykəltaraşların yetişməsinə töhfələr verib.
18 iyul 1932 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Azadə Cəfər qızı Rüstəmova (1932 – 19.4.2005) Bakıda doğulub. Kitabları: “Azərbaycan epik şeirinin inkişaf yolları”, “Məhəmməd Füzuli”, “Nizaminin poeziya sələfləri” və s.
18 iyul 1940 – Əməkdar artist, rəqqas Qorxmaz Ağababa oğlu Qurbanov (1940 – 20.5.2021) anadan olub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri, bədii rəhbəri vəzifələrində çalışıb.
18 iyul 2021 – Ustad jurnalist, yazıçı-publisist Tahir Heydər oğlu Abbaslı (25.9.1948 – 2021) vəfat edib. Uzun illər “Mədəniyyət” qəzetində çalışıb.
Hazırladı: Vüqar Orxan