Ağdam Dövlət Dram Teatrının səhnəsində ilk dəfə fərqli üslubda – multimedial tamaşa nümayiş olunacaq. Səhnə əsərinin premyerası oktyabrın 30-da olacaq.
Yazıçı-dramaturq İlqar Fəhminin “Şuşanı al bizimçün” pyesi əsasında ərsəyə gəlmiş eyniadlı tamaşanın quruluşçu rejissoru Racu Şıxlı, quruluşçu rəssamı Müşfiq Qarayev, işıq rəssamı Anar Şükürov, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Xaliq Abdullazadədir.
İkinci Qarabağ müharibəsindəki hadisələrin mənəvi-psixoloji aspektlərini önə çıxaran tamaşada rolları Əməkdar artist Aidə Qasımova, aktyorlar Afərdə Sabirqızı, Qalib Abdullazadə, Fərhad Fərhadzadə, Afaq Əliyeva, Nurşən Xudadatova, Camal Zamanov, Ülviyyə Qasımova, Zərifə Ağayeva, Sərdar Əlizadə və Behbud Əsgərov ifa edirlər.
Əsər 44 günlük müharibə dövründə arxa cəbhədəki bir ailənin psixoloji travmalarından yaranmış gərginlik və qarşılıqlı ziddiyyətlərdən bəhs edir. Müəllif pyesi 2020-ci ildə – müharibənin ilk günlərində qələmə alsa da, quruluş müəllifinin istəyi ilə mövzuya Zəfəri, yəni müharibənin sonluğunu da əlavə etmişdir. R.Şıxlı müəlliflə birgə yenidən əsər üzərində işləmiş və rejissor yozumunda əsərin finalını Zəfərə qədər gətirib çıxartmışdır.
Psixoloji-ictimai-patriotik ailə dramı olaraq öz səhnə həllini tapmış əsər tamaşaçıya ümumilikdə müharibənin insan hisslərində buraxdığı dərin izlərin və ruh halının yaratdığı təəssüratı təqdim etməyə çalışır.
Onu da qeyd edək ki, əsərin motivləri əsasında “Qarabağ Azərbaycandır!” adlı qısametrajlı kollaj-sənədli film də çəkilib. Filmin ideya müəllifi Məhəmməd Hüseynov, ssenari müəllifi və quruluşçu rejissoru Racu Şıxlı, montaj və təsvir rejissoru Anar Əhməddir.