Oktyabrın 22-də Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə Çanaqqala döyüşlərinin 110-cu ildönümünə həsr olunmuş “Cəbhədən fotolarla” adlı sərginin açılışı və panel keçirilib.

Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Bakıdakı Səfirliyi və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə gerçəkləşən tədbir iki qardaş ölkə – Azərbaycan və Türkiyənin ortaq tarixi yaddaşını, qəhrəmanlıq ənənələrini və milli mübarizə ruhunu bir daha xatırlatmaq məqsədi daşıyır.

Azərbaycan İstiqlal Muzeyində (Muzey Mərkəzinin böyük zalı) keçirilən tədbirdə iştirakçılar “Cəbhədən fotolarla Çanaqqala döyüşləri” sərgisinə baxıblar. Sərgidə Çanaqqala döyüşlərinin gedişatını, əsgərlərin qəhrəmanlığını əks etdirən arxiv fotoşəkillər nümayiş etdirilir.

Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Bakı Yunus Əmrə İnstitutunun müdiri Gökhan Seyhan, Çanaqqala Müharibələri Gelibolu Tarixi Ərazi İdarəsinin sədri İsmayıl Kaşdemir, Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı çıxış ediblər. 

Çıxışlarda vurğulanıb ki, Çanaqqala zəfəri təkcə Türkiyə xalqının deyil, bütün Türk dünyasının qürur mənbəyidir. Bu döyüşlər həm qardaşlığın, həm də birliyin sarsılmaz təcəssümüdür. Bildirilib ki, Azərbaycan və Türkiyə tarix boyu bir-birinə dayaq olub, bu gün də eyni amal uğrunda birgə irəliləyirlər.

Tədbir panel hissə ilə davam edib.

Panel proqramında Türkiyədən Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin planlaşdırma və layihə qrup sədri Yusuf Kartal, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova çıxış edərək Çanaqqala döyüşlərinin tarixi, strateji əhəmiyyəti və Türk dünyasının birliyində oynadığı roldan danışıblar.

Tədbir iştirakçıları "Çanaqqala Döyüşləri" mobil muzeyi ilə də tanış olublar. Səyyar muzeydə döyüşlərə dair orijinal fotoşəkillər, sənədlər və eksponatlar nümayiş olunur.

"Çanaqqala Döyüşləri" mobil muzeyi layihəsi 2020-ci il iyulun 2-dən etibarən fəaliyyətə başlayıb və Türkiyənin dörd bir yanında nümayiş etdirilib. Özünüzü Çanaqqala müharibəsi dövründə cəbhədəymiş kimi hiss etməyiniz, o ruhu yaşamağınız və həmin günlərə bir qədər də olsa şahidlik etməyiniz məqsədilə gerçəyə mümkün qədər yaxın şəkildə canlandırılmış bu layihə müxtəlif amillər nəzərə alınaraq hazırlanıb.

Layihə çərçivəsində müharibə dövrünə aid müxtəlif materiallar, videolar və döyüş obyektləri nümayiş etdirilən bu treyler səs effekti, ab-havası və dizaynı ilə əbədiyaşar Çanaqqala ruhunu nümayiş etdirməyi hədəfləyir.

Sərgi və səyyar muzey oktyabrın 25-dək Azərbaycan İstiqlal Muzeyində baxış üçün açıqdır.