Ənənəvi olaraq yayın ortasında teatrlar mövsümə yekun vururlar. Truppalar istirahətə çıxsa da, əslində, yaradıcılıq planları, sənət axtarışları fasiləsiz prosesdir. Hər mövsüm sonunun sənət hesabatı təkcə geridə qalan dövrə deyil, eyni zamanda irəliyə baxış imkanıdır. Həm paytaxtda, həm də ondan kənarda fəaliyyət göstərən teatrlar üçün. Paytaxta ən yaxın olan teatr isə Sumqayıtdadır...

Sumqayıt Dövlət Dram Teatrı mövsümə bu günlərdə premyera – Xalq yazıçısı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanan yeni tamaşa ilə yekun vurub. Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində ərsəyə gələn səhnə işi maraqla qarşılanıb.

Mövsüm daha nələrlə yadda qalıb? Qarşıda hansı yaradıcılıq planları var? Problemlər, qayğılar nədən ibarətdir?

Bu və digər suallar ətrafında Sumqayıt Dövlət Dram Teatrının direktoru Samir Şəfiyev və baş rejissor Xalq artisti Firudin Məhərrəmovla həmsöhbət olduq.

***

Samir Şəfiyev ilk olaraq teatrda məşqi gedən tamaşa haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” adlı pyes üzərində səhnə işi başa çatmaq üzrədir. Elşən Sərxanoğlunun müəllifi olduğu əsərə  Xalq artisti Firudin Məhərrəmov quruluş verir. Premyera 27 Sentyabr – Anım Gününə planlaşdırılır. Səhnə əsəri monotamaşadır. Tamaşada həm xronika, həm də videogörüntülər yer alıb.  

“Biz teatr olaraq hər il bu mövzuda repertuara yeni bir tamaşanın salınmasının tərəfdarıyıq. Bundan əvvəlki illərdə teatrımızda Vətən müharibəsi mövzusunda Əli Əmirlinin “Xeyir xəbər”, Hafiz Ataxanlının “Missiya” əsərləri əsasında tamaşalar hazırlanıb”, – deyə direktor əlavə edir.

“Ölkəmizin müxtəlif şəhərlərində tamaşaçı qarşısına çıxırıq”

Direktor deyir ki, kollektiv mövsüm boyu sumqayıtlı teatrsevərlərə, şəhərin qonaqlarına repertuardakı maraqlı tamaşaları, yeni səhnə əsərlərini təqdim etməklə yanaşı, ölkəmizin müxtəlif şəhərlərində də tamaşaçılar qarşısına çıxıb.

Samir Şəfiyev: “Bildiyiniz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatrların regionlara qastrol səfərləri olur. Qastrol hər bir yaradıcı kollektiv üçün çox vacibdir. Biz də bu qastrollarda iştirak edirik. Layihə çərçivəsində sonuncu dəfə “Xəzinə” tamaşası ilə Gəncə şəhərində olduq. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında yazıçı-dramaturq Hafiz Ataxanlının qələmə aldığı epik pritçaya teatrın baş rejissoru Firudin Məhərrəmov quruluş verib.

Qastrol səfərlərinin davamı olaraq bu ilin noyabr ayında Naxçıvanda böyük dramaturq Hüseyn Cavidin xatirəsinə həsr olunmuş səhnə əsərini – Nizami Muradoğlunun qələmə aldığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi “Zülmətdə nur” tamaşasını nümayiş etdirmək niyyətindəyik. Bu tamaşada 37-ci ilin repressiya mənzərəsi, Hüseyn Cavidin və ailəsinin faciəsi kontekstində dövrün həqiqət carçıları Əhməd Cavadın, Mikayıl Müşfiqin və onların ailələrinin müsibətləri də səhnəyə gətirilir. Repressiya dəhşətləri, yaradıcı şəxsiyyətlərimizə qarşı erməni məkri, milli ruhun boğulması həm mətn, həm də rejissor yozumu və bədii tərtibatda vəhdət şəklində tamaşaçıya çatdırılacaq”.

Xaricə qastrol səfərinə gəlincə, Samir müəllim qeyd edir ki, 2024-cü ildə Gürcüstandan dəvət almışdıq. Ancaq müəyyən səbəblərə görə, daha dəqiq desək, COP29 tədbirləri ilə bağlı bu səfər baş tutmadı: “Bu il dəvət olarsa, onu dəyərləndirəcəyik”.

“Bilet satışı ilə bağlı müəyyən çətinliyimiz var”

Həmsöhbətim şəhər sakinlərinin teatra marağından da söz açır. Deyir ki, Sumqayıt teatral şəhərdir, burada həmişə teatra maraq olub: “Şəhərin sənətsevərləri zövqlü tamaşaçılardır. Böyüklərlə yanaşı məktəblilər, balaca uşaqlar hər zaman teatrımıza üz tutaraq tamaşaları izləyirlər. Biz də uşaqların maraqlarını nəzərə alaraq onlar üçün hər il 1-2 yeni tamaşa hazırlayırıq. Amma bilet satışı ilə bağlı müəyyən çətinliyimiz var. Desəm ki, biz hər tamaşaya kütləvi surətdə xeyli bilet satırıq, bu, düz olmaz. Amma daha çox tamaşaçı cəlb etmək üçün çalışırıq. Son vaxtlarda teatrın sosial şəbəkə səhifələri, həmçinin yerli saytlar və şəhərin elektron monitorları vasitəsilə yeni tamaşalarımız haqqında sakinləri məlumatlandırırıq”.

Teatra gənc kadrların cəlb edilməsi

Bu məsələ Sumqayıt teatrı üçün də aktualdır. Samir müəllim bildirir ki, Sumqayıt teatrı paytaxtın bir addımlığında yerləşən, eyni zamanda paytaxt səviyyəsində bir teatrdır: “Azərbaycanın aparıcı teatrlarının çoxunda çalışan aktyorlar Sumqayıt teatrında yetişənlərdir. Bu teatr demək olar ki, bir baza rolunu oynayıb. Ancaq bütün teatrların olduğu kimi, Sumqayıt Dövlət Dram Teatrının da gənc kadrlara ehtiyacı var. Bir ilə yaxındır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrini teatra cəlb etmişik. Əsasən yerli kadrlara üstünlük verməyə çalışırıq. ADMİU-da aktyorluq ixtisasında təhsil alan təxminən 5 sumqayıtlı gənc bizim hədəfimizdədir. Bu barədə Mədəniyyət Nazirliyini də məlumat vermişik. Həmin gənclər, demək olar ki, il ərzində hazırlanan 4 tamaşanın 3-də rol alırlar. Bizim də istəyimiz odur ki, həmin tələbləri öz heyətimizə cəlb edək və teatrın gənclər heyətini formalaşdıraq”.

***

Mövsüm yekunları – baş rejissorun dilindən

Sumqayıt Dövlət Dram Teatrının yekunlaşan mövsüm boyu təhvil verdiyi tamaşaları haqqında isə daha ətraflı baş rejissor danışdı.

Firudin Məhərrəmov: “Plan üzrə 4 tamaşaya quruluş verilib. Bundan başqa, il ərzində plandan kənar işlərimiz də olub. Cənab Prezident İlham Əliyevin Zəngəzur və Qərbi Azərbaycan məsələsi ilə bağlı belə bir çağırışı olmuşdu ki, biz mütləq o torpaqlara qayıdacağıq, o yurd yerləri unudulmamalıdır. Biz də teatr olaraq dövlətimizin başçısının bu çağırışı ilə əlaqədar yazıçı-dramaturq Hidayətin “Burdan min atlı keçdi...” əsərinin motivləri əsasında hazırlanmış “İrəvanda nəyim qaldı…” tamaşasını hazırladıq. Bu tamaşa çox qısa müddətə, 20-25 günə ərsəyə gəldi. Tamaşa yaxın tariximizin faktlarını, Azərbaycanın qədim yurd yeri İrəvanda zaman-zaman soydaşlarımıza qarşı aparılan gizli təxribatları, erməni ideoloqlarının ərazi iddialarını və Ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın siyasi müstəvidə müdafiəsinə qalxmasını özündə ehtiva edir.

Bildiyimiz kimi, Heydər Əliyev sovet dönəmində hakimiyyətdə olarkən təkcə Azərbaycan tarixinə, mədəniyyətinə, toponimlərinə qarşı mənəvi terror həyata keçirən məkrli ermənilərə qarşı deyil, həm də onları müdafiə edənlərə, mərkəzi hakimiyyətdə olanlara qarşı mübarizə aparırdı. Əlbəttə, daşıdığı vəzifə, sovetlərin qanunları çərçivəsində bu, böyük risk idi. Amma dahi şəxsiyyətin zəkası, dəmir məntiqi, siyasi iradəsi və idarəçilik təcrübəsi onun qalibiyyətinə rəvac verirdi. Tamaşa boyunca bu faktlar dialoqlar, bəzən də monitor vasitəsilə kinoxronika olaraq çatdırılıb. Bu tamaşa hazırda bizim repertuarımızdadır.

Bundan əlavə, Georgi Xuqayevin ailə-məişət mövzusunda “Varlı ev” əsəri əsasında eyniadlı tamaşa hazırlanıb. Tamaşa artıq 3 dəfə teatrda nümayiş etdirilib.

Həmçinin bu ilin may ayında yazıçı Kərim Həsənovun “Sehrli yaylıq” əsəri əsasında eyniadlı birhissəli uşaq tamaşasının premyerası olub. Gənc və istedadlı rejissor Fuad Cavadzadənin quruluş verdiyi nağılvari fantastik səhnə əsərində balaca Eldarın başına gələnlərdən bəhs olunur. Tamaşa vasitəsilə balacalara faydalı işlər görmək, mobil telefonla az vaxt keçirmək, dərsləri yaxşı oxumaq, ailəyə, dövlətə, millətə yararlı vətəndaş ola bilmək kimi yaxşı vərdişlər aşılanır.

İlin sonuna kimi isə gənc rejissor Ümid Abbaszadə Molyerin “Aldanmış ər” və Mirzəağa Atəşin “Gəlinlərin savaşı” tamaşalarını səhnələşdirəcək”.

***

Firudin müəllim sonda teatrla bağlı bir istəyini də dilə gətirdi: “Sumqayıt Dövlət Dram Teatrı 30 ildən artıqdır ki, bir kateqoriyada fəaliyyət göstərir. Digər teatrlardan fərqli olaraq bizim öz binamız var. Rahatlıqla tamaşaçıları qarşılayıb onlara yüksək səviyyəli mədəni xidmət göstərə bilirik. Yaradılan bu şəraitə görə cənab Prezidentə minnətdarıq. Bununla yanaşı, kollektiv olaraq teatrımızla bağlı bir arzumuz var. Bu da teatrın kateqoriya məsələsidir. Arzumuz odur ki, teatrımıza 1-ci dərəcəli status verilsin. Bu məsələ ötən illərdə Mədəniyyət Nazirliyinin rəhbərliyi qarşısında da qaldırılıb. Ümid edirik ki, müsbət həllimi tapacaq”.

 

Söhbətləşdi: Nurəddin Məmmədli