Azərbaycanlı kinematoqrafçılar Ülviyyə Əhmədova və Nicat Dadaşovun “Mənim evim” tammetrajlı sənədli film layihəsi CHANGE birgə film istehsalı üzrə təlim proqramına seçilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib ki, təlimlər bu il noyabrın 8-dən 12-dək və 2026-cı il yanvarın 14-dən 18-dək Moldovada, martın 14-dən 18-dək isə Danimarkada təşkil olunacaq.

Ssenari müəllifi və rejissoru Ülviyyə Əhmədova, prodüseri Nicat Dadaşov olan sənədli film layihəsi 1989-cu ildə evini tərk etmiş Vəlinin 36 il sonra öz evini və ailəsinin məzarını görmək üçün etdiyi səyahətdən bəhs edir.

Xatırladaq ki “Mənim evim” bu il AKİ-nin "AKİDocs  – sənədli filmin inkişafı və pitçinq” layihəsinin qaliblərindən biri olub və Sarayevoda keçirilən WARM Festivalı çərçivəsində təşkil olunan “WARM Academy” proqramında iştirak edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı sözügedən layihəyə maliyyə dəstəyi ayırıb.

Qeyd edək ki, Ülviyyə Əhmədova və Nicat Dadaşov AKİ-nin kino məktəbinin yetirmələridir.