Oktyabrın 24-dən noyabrın 2-dək Çexiyanın Jihlava şəhərində növbəti dəfə Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. Festivalda ölkəmiz rejissor Mətləb Muxtarovun “Yaddaş sarayları” qısametrajlı sənədli filmi ilə təmsil olunacaq.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.

Bildirilib ki, ekran işi festivalın qısametrajlı sənədli filmlər üçün nəzərdə tutulmuş “Short Joy” bölməsində birincilik uğrunda mübarizə aparacaq. “Yaddaş sarayları” filminin dünya premyerası da festival çərçivəsində keçiriləcək.

“Rental Azərbaycan” şirkətinin ərsəyə gətirdiyi sənədli filmin prodüseri Emil Nəcəfdir. “Yaddaş sarayları” 2024-cü ildə Azərbaycan Respublikası Kino Agentliyinin həyata keçirdiyi postprodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindəndir.

Filmdə rejissor doğulub-böyüdüyü Sumqayıt şəhərinin küçələrində “ilk xatirə”sinin axtarışına çıxır. Gəzintilər onu həmin xatirənin yarandığı yerə gətirir. Bu “ilk xatirə” körpəlikdə itirdiyi atası və vəfat etmiş nənəsi ilə bağlıdır. Yekunda fərdi xatirə axtarışları müəllifi SSRİ dağılandan sonra 1990-cı illərin əvvəlində azərbaycanlıların yaşadıqları travmalara aparıb çıxarır.

Filmin prodüseri Emil Nəcəfin festivalda iştirakının yol xərci AKİ tərəfindən qarşılanıb. Cari il iyunun 25-də AKİ-də filmə qapalı baxış keçirilib.

Qeyd edək ki, Mətləb Muxtarovun bundan əvvəl çəkdiyi “12/35” adlı sənədli filmi də bir sıra beynəlxalq festivallarda nümayiş edilib.

1997-ci ildən Çexiyanın Jihlava şəhərində təşkil olunan ənənəvi festival sənədli kino sahəsində nüfuzlu  müsabiqələrdən sayılır.