Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində oktyabrın 14-də Milli Kitabxanada Türkmənistan guşəsinin açılışı və iki ölkə ziyalıların iştirakı ilə dəyirmi masa keçirilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov iştirakçıları salamlayaraq Azərbaycan ilə Türkmənistan arasında mədəni və ədəbi əlaqələrin inkişafından danışıb. Qeyd edib ki, bu münasibətlər iki xalq arasında dostluq, qardaşlıq və qarşılıqlı anlayışın möhkəmlənməsinə xidmət edir. Belə görüşlər ədəbiyyat, elm və mədəniyyət nümayəndələrinin fikir mübadiləsi aparması, yeni əməkdaşlıq layihələrinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Milli Kitabxanada Türkmənistan ədəbiyyatı guşəsinin açılışı iki ölkə arasında mədəni əlaqələrin yeni mərhələ kimi səciyyələndirən direktor yaxın gələcəkdə iki ölkənin Milli kitabxanaları arasında əməkdaşlıq memorandumu imzalanacağını da diqqətə çatdırıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında Azərbaycan və Türkmənistan xalqlarını qədim tarixi və mədəni əlaqələrin birləşdirdiyini vurğulayıb. Qeyd edib ki, dövlət dəstəyi sayəsində mədəni əməkdaşlıq daha da inkişaf edir və bu tədbirlər xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun güclənməsinə xidmət edir. Nazir müavini bildirib ki, Azərbaycan Milli Kitabxanasında Türkmənistan ədəbiyyatı guşəsinin açılışı iki ölkənin Milli Kitabxanaları arasında əməkdaşlığın təməlini atmaqla yanaşı, qarşılıqlı kitab mübadiləsinə də şərait yaradacaq.
Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov qeyd edib ki, mədəniyyət və ədəbiyyat sahəsində görüşlər gələcəkdə yeni layihələrin həyata keçirilməsinə, ortaq nəşrlərin və tərcümə işlərinin genişlənməsinə imkan yaradacaq. O ümidvar əlavə edib ki, bu görüşlər həmçinin gənc tədqiqatçıların və yazıçıların qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradacaq.
Türkmənistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurban Elyasov ədəbiyyat və mədəniyyəti xalqlarımız arasında etibarlı körpü kimi səciyyələndirib, mədəniyyət günlərinin iki xalqın dostluğun, həmrəyliyin güclənməsinə xidmət etdiyini söyləyib. Azərbaycan Milli Kitabxanasında Türkmənistan ədəbiyyatı guşəsinin açılmasına görə təşəkkür edən səfir yaxın gələcəkdə Türkmənistan Milli Kitabxanasında da Azərbaycan ədəbiyyatı guşəsinin yaradılmasının vacibliyini vurğulayıb.
AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkmənistan Mədəniyyət Nazirliyinin Yaradıcı işçilərlə iş şöbəsinin müdir müavini, şair Akmyrat Rejebov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Məhtimqulu Fəraqi adına Türkmən ədəbiyyatı mərkəzi"nin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı və digər iştirakçılar çıxışlarında iki ölkənin mədəni və elmi əlaqələrinin zəngin tarixdən bəhs ediblər.
Qeyd edilib ki, qarşılıqlı əməkdaşlıq nəticəsində həm Azərbaycan, həm də Türkmənistanın mədəni və ədəbi irsi daha geniş oxucu auditoriyasına çatdırıla, ortaq nəşrlər və tərcümə layihələri uğurla həyata keçirilə bilər. Azərbaycan Milli Kitabxanasında Türkmənistan ədəbiyyatı guşəsinin yaradılmasının iki ölkə arasında mədəniyyət və ədəbiyyat sahəsində əməkdaşlığa mühüm töhfə olduğu vurğulanıb.
Tədbir iştirakçıları Türkmənistan ədəbiyyatı guşəsindəki kitablarla tanış olublar.
Türkmənistan nümayəndə Azərbaycan və Milli Kitabxana haqqında nəşrlər hədiyyə edilib.