Musiqi həyatın bəzəyi, yüksək ilham mənbəyidir. Musiqini təkcə bir dəfə qəlbi ilə dərk edən insan ömrünün sonuna qədər sanki onun tilsiminə düşür. Görkəmli sənətkarlardan dərs alan, ömrünü musiqiyə bağlayan sevimli bəstəkarımız, Xalq artisti Azər Rzayev kimi. Onu ovsunlayan isə dahi Üzeyir bəyin “Leyli və Məcnun”u, “Koroğlu”su, Qara Qarayevin “Yeddi gözəl”i, Niyazinin “Rastı” olub...

Mədəniyyətimizin parlaq simalarından olan Azər Rzayev 1930-cu il iyulun  15-də Bakıda musiqiçi ailəsində anadan olub. Anası Ərəbzəngi rolunun (“Şah İsmayıl” – M.Maqomayev) ilk azərbaycanlı qadın ifaçısı, adını opera sənətimizə qızıl hərflərlə yazdırmış məşhur müğənni Həqiqət Rzayeva, atası Opera Teatrının rejissoru Hüseyn Rzayev idi.

Həmin illər Azərbaycan musiqi mədəniyyətinin inkişaf illəri idi. A.Rzayevin uşaqlığı “Koroğlu” operasının yarandığı dövrə düşür. Təsadüfi deyil ki, bəstəkarın hələ məktəbli ikən yazdığı ilk əsərlərinə dahi Üzeyir bəy qulaq asıb. Azər Rzayev özü bu haqda belə danışırdı: “Anam qardaşımla mənim kiçik əsərlər bəstələdiyimizi görüb, bizi Azərbaycan Dövlət Konservatoriyasına Üzeyir bəyin yanına apardı. Üzeyir bəy ifamızı dinlədikdən sonra anama dedi ki, sənin oğlanların bəstəkar olacaq. Üzeyir bəy bizi F.Əmirov, C.Cahangirov, Ə.Abbasov, İ.Məmmədov kimi adlarını fəxrlə çəkdiyimiz bəstəkarların müəllimi olan görkəmli pedaqoq Boris Zeydmanın sinfinə yönləndirdi...”.

Azər Rzayev Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas üzrə – skripka ifaçısı və bəstəkar kimi bitirib. Hələ tələbəlik illərindən maraqlı əsərləri ilə diqqəti cəlb edib. Diplom işi kimi təqdim etdiyi “Skripka ilə orkestr üçün I konsert”i gənc bəstəkara ilk uğuru gətirib. Azər Rzayev bu əsərlə 1955-ci ildə Varşavada keçirilən V Dünya Gənclər və Tələbələr Festivalı çərçivəsində təşkil edilmiş bəstəkarlıq müsabiqəsində laureat adını qazanır. Təqdim olunmuş 200-dən çox əsər arasından azərbaycanlı bəstəkarın əsərinin fərqlənməsi böyük uğur idi.

Azər Rzayevin yaradıcılığında çox sayda “İthaf”lar var. Bu da bəstəkarın daxili aləminin çox fərqli olmasına dəlalət edir. Onun insanlarla ünsiyyəti bədii əsərlərə çevrilirdi. Bəstəkarın atasına (“Simfonik orkestr üçün poema”), anasına (“Skripka, violonçel və simfonik orkestr üçün ikili konsert”), 9 yaşlı qızına (“Fortepiano və orkestr üçün konsert”), S.Əliyevə ( “Violonçel və kamera orkestri üçün kantillena”) həsr etdiyi əsərləri yaradıcılığında xüsusi yeri tutur.

Bəstəkar 9 yaşlı qızı Ülviyyə xanıma “Fortepiano və orkestr üçün gənclik konsert”i əsərini həsr edib. “Gənclik konserti” ilk dəfə 1964-cü ildə maestro Niyazinin dirijorluğu ilə Ülviyyə xanımın ifasında səsləndirilib, Moskva Radiosunun “qızıl fond”una salınıb. Həmin illərdə əsər Bakıda musiqi məktəblərində geniş yayılıb. “Gənclik konserti” Amerikada uşaqlar üçün əsərlər arasında ən uğurlu hesab edilib.

Sənətkar anasına ithaf etdiyi “Skripka, violonçel və simfonik orkestr üçün ikili konsert”  haqqında danışarkən deyirdi: “Mən anamı cəngavər qadın, Ərəbzəngi kimi təsvir edirdim. Əsərin gurultulu başlayıb bitməsi anamın mənim gözümdə nə qədər güclü qadın olmasını göstərmək üçün idi...”.

Bəstəkar Azərbaycanın mütəfəkkir şairi Nəsimiyə ithaf etdiyi “Simfonik poema” ilə ilk dəfə ud alətini orkestrə solist kimi daxil edir. Udun yanğılı səsi əsərin təsir gücünü daha da artırır. Bu da bəstəkarın fərdi təxəyyülü, yanaşma tərzindən xəbər verirdi.

Azər Rzayevin məzmunlu, mənalı, dolğun əsərlərindən biri olan “Ataya ithaf” poeması Azərbaycanda 60-70-ci illərdə yazılmış yaddaqalan əsərlərdən biridir. Burada o, əziz bir adam, ata itkisi ilə bağlı ürək ağrısını musiqi dili ilə verməyə çalışıb.

Sənətkarın 20 Yanvar hadisələrinə həsr etdiyi “Bakı – 90” simfoniyası xalqımızın o günlərdə yaşadıqlarının təcəssümü sayılır. Bəstəkar yenilik edərək simfoniyanın sonuna azan səsi əlavə edir. Əsərin ilk ifası zamanı gözləri yaşaran Tofiq Quliyev deyir: “Azər sən elə bu əsərinlə özünə ölməzlik qazandın”.

O, yaradıcılığı boyu musiqinin  müxtəlif janrlarına müraciət edib. Musiqili komediya janrında yazdığı “Hacı Kərimin Aya səyahəti” operettası bəstəkarın gözəl yumor hissindən xəbər verirdi. 1962-ci ildə Y.Qaqarinin kosmosa uçuşu münasibətilə  yazdığı operetta elə həmin il Bakıda səhnəyə qoyulur. Tamaşaya o qədər adam baxmaq istəyir ki, onu Musiqili Komediya Teatrının zalında yox, daha böyük olduğu üçün Opera və Balet Teatrında göstərirlər. Tamaşada Bəşir Səfəroğlu, Lütfəli Abdullayev kimi görkəmli aktyorlar oynayırdı.

Azərbaycanda yeni ifaçılar nəslinin yetişdirilməsində Azər müəllimin rolunu xüsusi qeyd etməliyik. Onun peşəkar pedaqoq kimi yetişdirdiyi tələbələrin bir çoxu fəxri adlara layiq görülüb.

A.Rzayev Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) kamera ansamblı üzrə müəllim, baş müəllim və professor kimi fəaliyyət göstərib. Radio və Televiziya Komitəsində səs rejissoru, M.Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb.

Bəstəkarın yaradıcılığı dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, mədəniyyətimizin inkişafına verdiyi töhfələrə görə Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına layiq görülüb, “Şöhrət” ordeni, “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif olunub.

Görkəmli violonçel ifaçısı, dirijor Mstislav Rostropoviç 1960-70-ci illərdə Azərbaycana  gəldiyi zaman Bakıda onu qarşılayan incəsənət xadimləri arasında Azər Rzayev də var idi. Bəstəkar maestronun iştirakı ilə keçirilən görüşlərdə, konsertlərdə iştirak etmişdir.

L.və M.Rostropoviçlərin Ev-Muzeyində A.Rzayevin maestro ilə olan fotoşəkilləri, bəstəkarın əsərlərinin yer aldığı konsert afişaları, bukletləri və digər maraqlı eksponatlar qorunub saxlanılır. Muzeydə təşkil edilən musiqili tədbirlərin daima fəxri qonağı hesab olunan Azər Rzayev həmişə M.Rostropoviçlə bağlı xatirələrini qonaqlarla bölüşürdü. Bu gün də muzeydə keçirilən musiqili tədbirlərdə konsert proqramı ilə çıxış edən ifaçılar  bəstəkarın “Düşüncə”, “Qaytağı”, “Noktürn” və digər əsərlərini sevə-sevə ifa edirlər.

Azər Rzayev 2015-ci il dekabrın 14-də vəfat edib. Bəstələdiyi əsərlər, yetişdirdiyi musiqiçilər, mədəniyyətimizin inkişafı üçün göstərdiyi xidmətləri ilə o heç vaxt unudulmayacaq sənətkarlarımızdandır. 

Rəhimə Həsənova

L.və M.Rostropoviçlərin Ev-Muzeyinin elmi işçisi