
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri çərçivəsində elan olunmuş “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub.
“Şuşanın ədəbi irsi və Zəfər tariximizdə əhəmiyyəti” mövzusunda keçirilən müsabiqənin məqsədi ədəbi mühitdə Şuşanın mədəni simasının bədii ifadəsini təşviq etmək, istedadlı qələm sahiblərinin üzə çıxarılması və onların yaradıcılığını stimullaşdırmaq olub.
Müsabiqəyə ölkənin müxtəlif bölgələrindən yazarlar, eləcə də fərqli sahələrdə çalışan, sözə və ədəbiyyata xüsusi bağlılıq göstərən peşə sahibləri qatılıblar. Müəlliflər Şuşanın xalqımızın tarixi yaddaşındakı yerini, ədəbi-mədəni kimliyimizin formalaşmasında oynadığı rolu, eləcə də Zəfər tariximizdəki simvolik əhəmiyyətini özünəməxsus şəkildə ifadə ediblər.
Müsabiqəyə ümumilikdə 175 esse təqdim olunub.
Obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib. Esselər tanınmış ədəbiyyatşünas və yazarlardan ibarət komissiya tərəfindən mövzuya yanaşma, mətnin bədii-estetik tutumu, dil və ifadə zənginliyi, həmçinin üslubun orijinallığı və kompozisiya strukturu baxımından dəyərləndirilib.
Komissiya üzvləri tərəfindən mətnlərə müəyyən edilmiş cədvələ müvafiq olaraq qiymət verilib.
Komissiyanın yekun qərarına uyğun olaraq aşağıdakı esselər müsabiqənin qalibləri elan edilib.
I yer – “Ruhun və tarixin qovuşduğu Şuşa”, müəllif: Təhminə Verdiyeva.
II yer – “Vaqifə müraciət”, müəllif: Natəvan Bağırova.
III yer – “Ömrün sıfır nöqtəsi və ya iki misraya sığan həyat”, müəllif: Elvin Əhməd.
Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, müsabiqənin qalibləri diplomla təltif olunacaq, eyni zamanda I yerin sahibinə 2500 manat, II yerin sahibinə 1500 manat, III yerin sahibinə 1000 manat məbləğində pul mükafatı veriləcək.
Mükafatlandırma mərasimi 17 iyul 2025-ci il tarixində Vaqif Poeziya Günləri çərçivəsində Şuşa şəhərində təşkil olunacaq.
Mədəniyyət Nazirliyi müsabiqədə iştirak edən bütün qələm sahiblərinə təşəkkür edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.