Azərbaycanın ornitoloji turizm imkanları 11–13 iyul tarixlərində Birləşmiş Krallığın Rutland şəhərində keçirilən "Global Bird Fair” beynəlxalq quş müşahidəsi turizmi sərgisində təqdim olunub.
Dövlət Turizm Agentliyindən bildirilib ki, sərgidə ziyarətçilərə Azərbaycanın ekoloji müxtəlifliyi, quş növləri, qorunan əraziləri, milli parkları və ekosistemlərinin həssas balansını qorumaq üçün görülən mühafizə tədbirləri barədə məlumat verilib.
Tədbir çərçivəsində bu sahədə fəaliyyət göstərən turoperatorlar, təşkilatlar və beynəlxalq ekspertlərlə əməkdaşlıq imkanları müzakirə edilib.
“Global Bird Fair” quş müşahidəsi turizmini təşviq edən və bu sahədə qlobal məlumatlılıqla əməkdaşlığı gücləndirməyə yönəlmiş illik beynəlxalq tədbirdir.
Sərgi bu il 60-dan çox ölkədən nümayəndələri bir araya gətirib.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu beynəlxalq mütəxəssislər və Azərbaycan Ornitoloji Cəmiyyəti ilə sıx əməkdaşlıq çərçivəsində ekoturizmin əsas istiqamətlərindən biri kimi ornitoloji turizmin təşviqi üçün müxtəlif təşəbbüslər həyata keçirir. Bu təşəbbüslərə ixtisaslaşmış broşürlərin hazırlanması, beynəlxalq turoperatorlar, ornitoloji turizm ekpertləri üçün tanıtım səfərləri və təbiət turizmi bələdçiləri ilə sənaye nümayəndələri üçün təlim sessiyalarının təşkili daxildir.