AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Sənədlərlə iş şöbəsinin mütəxəssisi Çinarə Qəbulovanın tərtib edib nəşrə hazırladığı “Mehdi bəy Hacıbababəyov. Rəhmli Mələk” kitabı işıq üzü görüb.

İctimai-siyasi xadim, Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk vəkillərindən biri Mehdi bəy Hacıbababəyovun (1871-1925) ədəbi yaradıcılığının yeganə nümunəsi olan “Rəhmli Mələk” kiçikhəcmli pyesi 1914-cü ildə “Səda” nəşriyyatında işıq üzü görüb. Əsərdə qızların təhsili, düzgün tərbiyəsi, mənəvi dəyərlərin önəmi kimi məsələlər diqqət mərkəzinə çəkilir.

Əsərin ərəb qrafikalı Azərbaycan əlifbasından (əski əlifba) transfoneliterasiyası Çinarə Qəbulovaya məxsusdur. O həm də kitaba geniş ön söz yazıb. Kitab tərtib olunarkən əsərin dili və üslubu saxlanılıb. Sadəcə, müasir qrammatik qaydalara uyğun olaraq, durğu işarələri əlavə edilib.

Yeni nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva və böyük elmi işçi Aytən İmanovadır.