Qazax rayon Mədəniyyət Mərkəzi və rayon MKS-nin (Qazax-Tovuz RMİ) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasının (1969-cu il 14 iyul) 56-cı ildönümü ilə əlaqədar olaraq Ürkməzli kənd Folklor evinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Gülsənəm Cəlilinin “Yurduma mayakdır sönməz işığın” adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin (RMİ) Qazax rayonu üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Ceyhunə Hüseynova, Mədəniyyət mərkəzinin müdiri Zahidə Həsənova, MKS-nin direktoru Fəridə Xudiyeva və başqaları şairin yaradıcılığından söz açıblar.

Gülsənəm Cəlili yeni şeirlərindən seçmələr söyləyib, fəal oxucular müəllifin şeirlərini səsləndirib, 2 nömrəli Uşaq musiqi məktəbinin şagirdlərinin ifasında saz havaları dinlənilib.

Sonda Gülsənəm Cəlili tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, “Yurduma mayakdır sönməz işığın” şeirlər kitabını kitabxanaya hədiyyə edib.

***

Regional idarənin Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində Xalq şairi Nəbi Xəzriyə (1924–2007) həsr olunmuş "Şeirin nəbzi – Nəbi Xəzri" mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Nəbi Xəzri XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biridir. Şairin lirikası yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli kolariti sayəsində milyonlarla insanın məhəbbətini qazanıb.

Nəbi Xəzrinin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib.

Sonda N.Xəzrinin kitablardan ibarət sərgiyə baxış olub.

***

Ağstafa Dövlət Rəsm Qalereyası Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə birlikdə "İstedadlı və yaradıcı gənclik" layihəsi üzrə ustad dərsi təşkil edib.

Layihədə Ağstafa Dövlət Rəsm Qalereyasının nəzdində fəaliyyət göstərən rəsm dərnək şagirdləri və könüllülər iştirak ediblər.

Qeyd olunub ki, ustad dərsi uşaqların maarifləndirici və əyləncəli vaxt keçirmələri üçün nəzərdə tutulub. Belə layihələrin mütəmadi təşkil olunması gənclərin asudə vaxtının səmərəli təşkilinə və bacarıqlarını göstərməyə kömək edir.

Ustad dərsində uşaqların müxtəlif naxışlarla bəzədikləri çantalar onlara hədiyyə olunub.

Hazırladı: N.Məmmədli