Böyük Britaniyanın bp şirkəti Azərbaycanda həyata keçirdiyi sosial sərmayə fəaliyyətləri çərçivəsində daha bir mədəni irs layihəsinə dəstək verib.
Şirkət XX əsrin əvvəllərində Azərbaycanın intellektual və ədəbi həyatının formalaşmasında mühüm rol oynamış nüfuzlu nəşr olan “Dirilik” jurnalının bütün saylarının transliterasiya edilmiş variantının çapını maliyyələşdirib.
Layihə “Dirilik” jurnalının orijinal mətnlərinin əski əlifbadan (ərəb) Azərbaycan dilinin müasir əlifbasına transliterasiya etməklə həmin dəyərli yazıların bu günün oxucularına, tədqiqatçılarına və gələcək nəsillərə əlçatan olmasını təmin etmək məqsədi daşıyır. Bu təşəbbüs bp-nin Azərbaycanın zəngin mədəni irsini və tarixini təbliğ etmək öhdəliyinin bir hissəsidir.
Bakı Kitab Mərkəzində keçirilən (10 iyul) təqdimat mərasimində yazarlar, naşirlər, rəsmi şəxslər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Toplu Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) layihəsi əsasında bp şirkətinin dəstəyi ilə nəşr olunub.
Tədbiri açan bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bp şirkəti müxtəlif sahələrə – təhsil, yerli icmaların inkişafı, ətraf mühitin qorunması, xalqın zəngin mədəni irsi və tarixinin tədqiqi və təbliğinə öz töhfələrini verməyə davam edir. Belə qiymətli töhfələrdən biri də məhz “Dirilik” jurnalının transliterasiyasıdır. O, MİMTA Fonduna layihəni uğurla başa çatdırdığı üçün təşəkkür edərək bildirib ki, Azərbaycan milli mətbuatının 150 illiyinə hədiyyə olaraq bp-nin dəstək verdiyi bu nəşr milli mətbuatın tarixi və müasir ənənələrinə, cəmiyyətdə zəngin məfkurənin formalaşmasındakı və xalqın mənəvi inkişafındakı roluna verdiyi yüksək dəyərin ifadəsidir.
Layihənin müəllifi, MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov qeyd edib ki, əsas qayələrimizdən biri irsimizi bərpa və təbliğ etməkdən ibarətdir: “Dirilik” məcmuəsinin transliterasiyası ilə bağlı tədqiqatı öz imkanlarımız hesabına aparmışıq və gərgin fəaliyyət nəticəsində bu toplunu hazırlamışıq. Bundan sonra da bənzər istiqamətdə layihələrimiz olacaq. Bp şirkətinə toplunun çapına verdiyi dəstəyə görə təşəkkür edirəm”.
Mətbuat Şurasının sədri Rəşad Məcid, akademik Nizami Cəfərov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, deputat Ceyhun Məmmədov, Türkiyə səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir və başqa çıxış edənlər “Dirilik” jurnalının Azərbaycanda milli məfkurənin formalaşmasındakı rolundan danışıb, transliterasiya toplusunu yüksək qiymətləndirərək milli mətbuatın 150 illiyinə qiymətli töhfə olduğunu bildiriblər.
Qeyd edək ki, 1914–1916-cı illərdə nəşr olunan, ümumilikdə, 28 sayı işıq üzü görmüş jurnal Azərbaycanda milli kimlik və maarifçilik ideyalarının daşıyıcısı kimi fəaliyyət göstərib.
“Dirilik” məcmuəsinin transliterasiya toplusunun rəyçisi və ön sözün müəllifi Mətbuat Şurasının sədri Rəşad Məcid, akademik məsləhətçisi professor Nizami Cəfərov, redaktoru Əsəd Aslanoğludur. Toplu MİMTA Fondunun tərcümə və nəşriyyat şöbəsinin əməkdaşları Muxtar Cəfərli, Vüqar Mirzə və Əsəd Aslanoğlu tərəfindən transliterasiya edilib.
Toplu XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi mühiti, milli fikrin təşəkkül dövrünü araşdıran tədqiqatçılar, ümumilikdə, ötən əsrin ilkin onilliklərinə aid mətbuat və ədəbiyyat tarixi ilə maraqlananlar üçün qiymətli mənbədir.