İyulun 10-da Xalq yazıçısı, Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Sabir Əhmədlinin (1930–2009) anadan olmasının 95-ci ildönümü tamam olur.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçının həyat və yaradıcılıq yolundan bəhs edən biblioqrafik icmal və videomaterial hazırlanıb.

Kitabxananın saytında yerləşdirilən biblioqrafik icmalda Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin “Sabir Əhmədli: nəsr ustası” adlı məqalənin tam mətni, eləcə də elm, mədəniyyət, ədəbiyyat nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri fikirlər yer alır. Biblioqrafik icmalda Sabir Əhmədlinin əsərləri, haqqında qələmə alınan nəşrlərin, məqalələrin biblioqrafik icmalı, yazıçının dövri mətbuatda dərc edilən yazılarının siyahısı verilir. 

“Xalq yazıçısı Sabir Əhmədli 95” adlı videomaterialda ədibin tələbəlik illəri, ilk ədəbi yaradıcılıq nümunələri, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında 30 ildən çox fəaliyyəti haqqında məlumat verilir. Sabir Əhmədlinin yüksək vətəndaşlıq hissləri ilə qələmə alınmış əsərləri ilə ədəbiyyatımıza böyük xidmət göstərməsi və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynaması diqqətə çatdırılır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Sabir Əhmədlinin müxtəlif illərdə səfərlərdə və görüşlərdə lentə alınan görüntüləri də sərgilənir.

“Xalq yazıçısı Sabir Əhmədli 95” adlı videomaterial da kitabxananın saytında yerləşdirilib.

***

Milli Kitabxanada Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Sabir Əhmədlinin 95 illiyi münasibətilə kitab sərgisi təşkil edilib.

Sərgidə yazıçının hekayə və povestləri, romanları, yaradıcılığı haqqında elmi tədqiqatlar, dərs vəsaiti və s. nümayiş olunub.

Milli Kitabxananın sərgi haqqında məlumatında diqqətə çatdırılır ki, Sabir Əhmədli ədəbiyyata 1951-ci ildə "Pioner" jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi ilə gəlib. Bədii əsərləri və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib.

"Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. Sonralar "Aran" ikihissəli roman (1962), "Pillələr" (1964), "Görünməz dalğa" (1966), "Yamacda nişanə" (1973), "Toğana" (1981), "Yasamal gölündə qayıqlar üzürdü" (1984), "Mavi günbəz" (1984), "Dünyanın arşını" (1985), "Gedənlərin qayıtmağı" (1985), "Yanvar hekayələri" (1992), "Kütlə" (1999), “Uyuq” (2008), “Yazılmayan yazı” (2010, 2015) s. kitabları işıq üzü görüb. Əsərləri ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Əsərləri bir sıra dillərə tərcümə edilib.

Sabir Əhmədlinin ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilib. Əməkdar incəsənət xadimi (1984), Xalq yazıçısı (1992) fəxri adlarına layıq görülüb.