Beynəlxalq Muğam Mərkəzində (BMM) I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu çərçivəsində Kalvalı Əli Dədənin 150 illiyi münasibətilə konsert proqramı təşkil olunub.

Konsertdən öncə çıxış edən BMM-nin direktoru Əməkdar artist Sahib Paşazadə konsertin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, Kalvalı Əli Dədə yaradıcılığına nəzər salmaq Azərbaycan musiqi irsinə verilən dəyərin bariz nümunəsidir.

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə vurğulayıb ki, Türk dünyasının ənənəvi musiqisi və milli kimlik məsələləri bir-biri ilə sıx bağlıdır. “Türk dünyasının musiqi irsi həddindən artıq zəngindir. Türk xalqlarının tarixi salnaməsində qəhrəmanlıq ruhu, zəngin yaradıcılıq ənənəsi var. Bu tədbirlər sayəsində biz həm də türk dünyasının geniş və zəngin musiqi mədəniyyətini daha dərindən öyrənmiş oluruq”, - deyə o əlavə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev diqqətə çatdırıb ki, tədbir həm də Kalvalı Əli Dədənin yaratdığı musiqi məktəbini xatırlamaq və sənət irsini dəyərləndirmək üçün gözəl fürsətdir.

Sonra Azəraycan muğam və aşıq sənəti ifaçılarının, eləcə də digər türk xalqları sənətçilərinin iştirakı ilə konsert proqramı təqdim olunub.