Azərbaycan milli musiqisi tarixində zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədənin 150 illiyinə həsr olunan I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu noyabrın 20-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında işə başlayıb.
AMEA-dan bildirilib ki, ikigünlük tədbirin təşkilatçıları Folklor İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Musiqi və İncəsənət Universiteti, Ərzincan Binəli Yıldırım Universiteti, Qars Qafqaz Universiteti Dövlət Konservatoriyası, Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Beynəlxalq Muğam Mərkəzidir.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş sözündə simpoziumun əsas məqsədinin Türk dünyasının zəngin musiqi folklorunun, xüsusilə balaban, zurna və saz kimi qədim musiqi alətlərinin tarixi köklərinin, mədəni kimlikdəki yerinin və kollektiv yaddaşdakı izlərinin elmi müstəvidə araşdırılması olduğunu bildirib. O, milli zurna-balaban məktəbinin görkəmli nümayəndəsi, Kalvalı Əli Dədə kimi tanınan Əli Kərimovun yaradıcılığına Türk dünyası kontekstində nəzər salınması baxımından simpoziumun əhəmiyyətini vurğulayıb.
AMEA rəhbəri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlər elm ictimaiyyəti qarşısında yeni strateji vəzifələr müəyyənləşdirir. Milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılığın gücləndirilməsi və mədəni irsin cəmiyyətə təqdim olunması istiqamətləri sənət korifeylərinin irsinin elmi əsaslarla öyrənilməsi və yaşadılmasını zəruri edir.
Akademik İsa Həbibbəyli Kalvalı Əli Dədənin zurna, balaban və tütək kimi nəfəs alətlərinin mahir ifaçısı olduğunu, 70-dən çox rəqs havasının müəllifi kimi məktəb yaratdığını xatırladaraq, onun sənətinin bu gün həm davamçıları, həm də ailə üzvləri tərəfindən yaşadıldığını qeyd edib. Qeyd edib ki, tədbirdə təqdim olunacaq məruzələr ölkəmizdə bu istiqamətdə aparılan ilk fundamental elmi tədqiqatlar kimi xüsusi əhəmiyyət kəsb edir və ənənəvi ifaçılıq irsinin sistemli şəkildə öyrənilməsinə yeni perspektivlər açır.
Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri tarix elmləri doktoru Fəxri Hacıyev Fondun prezidenti Aktotı Raimkulovanın tədbirə ünvanladığı mətni səsləndirib, simpoziumun türk xalqlarının ortaq mənəvi yaddaşının araşdırılması baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, ənənəvi musiqi türkdilli xalqlar üçün sadəcə incəsənət sahəsi deyil, kimliyimizi yaşadan, nəsillər arasında bağ yaradan və mədəni davamlılığı təmin edən fundamental bir dəyərdir. Xüsusilə muğam, aşıq sənəti, el havaları kimi milli ənənələrin Türk dünyasının müxtəlif bölgələrində mövcud olan oxşar musiqi kodları ilə səsləşməsi ortaq mədəni köklərin güclü göstəricisidir.
Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaş-zadə simpoziumun türk xalqlarının mədəni inteqrasiyası, elmi əməkdaşlıq mühiti və ortaq mədəni dəyərlər ətrafında sıx birləşməsi üçün mühüm platforma yaratdığını bildirib. Vurğulayıb ki, müasir dövrdə ənənəvi musiqinin etnik kimliyin mühüm göstəricisi kimi elmi paradiqmalar əsasında araşdırılması xüsusi aktuallıq daşıyır və simpozium bu istiqamətdə nəzəri və praktik yanaşmaların dəqiqləşdirilməsinə şərait yaradır. Kamilə Dadaş-zadə bu il musiqişünas-alim Tahirə Kərimovanın “Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” kitabının çap olunduğunu da diqqətə çatdırıb, bu nəşri Türk dünyasının musiqi irsinə dəyərli töhfə kimi qiymətləndirib.
ADPU-nun prorektoru professor Mahirə Nağıqızı Hüseynova Kalvalı Əli Dədənin irsinin gənc nəslə tanıdılmasının vacibliyinə toxunaraq bildirib ki, 150 il əvvəl “Kalvalı” olmaq böyük sənətkarlıq, dərin mənəvi dəyərlər və ustalıq tələb edirdi. Bu gün gənclərimiz həmin ənənələrin məzmununu dərk etmir. Bu kimi simpoziumlar milli yaddaşımızın, musiqi düşüncəmizin və folklor irsimizin öyrənilməsi baxımından son dərəcə önəmlidir.
Ankara Musiqi və İncəsənət Universitetinin rektoru professor Erhan Özden türk incəsənətinin, ənənəvi musiqinin tarix boyu kimlik quruculuğunda və mədəni sabitlikdə mühüm rol oynadığını bildirib. Qeyd edib ki, musiqi türk xalqları üçün sadəcə incəsənət sahəsi deyil, ümumtürk mədəni kodlarını yaşadan mühüm irsdir.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə isə çıxışında Türk dünyasında mədəni kimliyin formalaşması və musiqinin rolundan bəhs edib.
Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev qeyd edib ki, simpozium Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan tədqiqatçıların bir araya gələrək söz-musiqi-hərəkət triadası, ənənəvi ifaçılıq və folklor–musiqi əlaqələri kimi məsələləri müzakirə etməsinə şərait yaradır. O, Kalvalı Əli Dədənin Azərbaycan nəfəsli musiqisinin kollektiv yaddaşdakı mühüm arxetiplərindən biri olduğunu söyləyib, bu irsin öyrənilməsi və təbliğinin vacibliyini vurğulayıb. Qeyd edib ki, gələcəkdə türk musiqisi üçün vahid elmi konsepsiyanın hazırlanması və Kalvalı Əli Dədənin irsinin rəqəmsal arxivinin yaradılması mühüm elmi istiqamətlərdəndir.
Özbəkistanın Xarəzm Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru dosent Jasurbek Salayev bildirib ki, simpoziumda ölkəni 28 nəfərlik tərkibdə nümayəndə heyəti təmsil edir və bu, Özbəkistanın Türk dünyası ilə elmi-mədəni əməkdaşlığa verdiyi böyük dəyərin göstəricisidir.
Kalvalı Əli Dədənin ailəsi adından çıxış edən Folklor İnstitutunun aparıcı elmi işçisi dosent Elçin Qaliboğlu ustad sənətkarın yaradıcılığına verilən dəyərə görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, Kalvalı Əli Dədənin yaradıcılığından hamıya məlum olan “Heyvagülü”, “Alma gülü”, “Alça gülü”, “Bənövşə”, “Kalvalı”, “Çəmənlik”, “Mehribanı”, “Dağ çiçəyi”, “Xırdaca” kimi havalar çağdaş zurna-balaban sənətində nəinki bu sahənin ifaçıları, eləcə də aşıq sənətinin davamçıları üçün böyük örnəkdir.
Tədbir bədii hissə ilə davam edib.
Sonra plenar sessiyada məruzələr dinlənilib, müzakirələr aparılıb.
Beynəlxalq simpozium noyabrın 21-də başa çatacaq.
***
Kalvalı Əli Dədə zurna-balaban sənətində həm ənənə yaradıcısı, həm də onu yaşadan sənətkardır. O, bu sənətdə özünəməxsus üslubunu qoruyub inkişaf etdirib.
Bunu AZƏRTAC-a açıqlamasında Kalvalı Əli Dədənin nəticəsi, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu deyib. Onun sözlərinə görə, Kalvalı Əli Dədənin yaradıcılığında iki əsas cəhət birləşir: möhtəşəm döyüşkənlik və haray.
“Kalvalı Əli Dədə haqqında ilk nəşr 1984-cü ildə çıxıb. Son bir ildə isə, müxtəlif dillərdə üç yeni nəşr işıq üzü görüb. Bu nəşrlər onun yaradıcılığını öyrənmək üçün mühüm mənbələrdir”,- deyə Elçin Qaliboğlu əlavə edib.
























