Xalq yazıçısı, dramaturq, kinossenarist Maqsud İbrahimbəyovun (1935–2016) 90 illiyi münasibətilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində xatirə axşamı təşkil edilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirilən tədbir çərçivəsində yazıçının eyniadlı hekayəsi əsasında səhnələşdirilmiş “Fıstıq ağacı” adlı monotamaşa nümayiş olunub.

Xalq artisti Fuad Osmanov tərəfindən təqdim olunan monotamaşada qəhrəman Bakı həyətlərindən birində püstə ağacının altında  müharibə dövrü uşaqlığını xatırlayır. Yazıçının bu hekayəsi müharibə əleyhinə ən təsirli əsərlərdən biridir. 

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib ki, Maqsud İbrahimbəyovun 90 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamına əsasən xatirə tədbirləri keçirilir. Diplomat qeyd edib ki, Maqsud İbrahimbəyovun əsərləri Azərbaycan ədəbiyyatının “qızıl fond”una daxildir. Rus dilində yazılmış əsərlərində Azərbaycan cəmiyyətinin milli ənənələri əks olunub, yazıçının yaratdığı sadə insanların obrazları, onların davranışları və daxili psixoloji dərinliyi bu gün də onun yaradıcılığını aktual saxlayır.

Rəhman Mustafayev vurğulayıb ki, İçərişəhərdə yaradılmış Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi ədibin mənəvi və mədəni irsinin davamıdır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə heyətinin sədri Rüfət Mahmud diqqətə çatdırıb ki, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Mərkəzin yerləşdiyi binada Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı bərpa işləri aparılıb. Açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib. Mərkəz ədəbi ruhun hökm sürdüyü, nəsillərin görüşdüyü və yeni yaradıcı cəmiyyətin formalaşdığı mühüm mədəni məkan kimi fəaliyyət göstərir.

Yazıçının həyat yoldaşı Anna İbrahimbəyova tədbirin təşkilatçılarına və iştirakçılara Maqsud İbrahimbəyovun yaradıcılığına göstərilən diqqətə görə təşəkkür edib. O, yazıçının adının və əsərlərinin yaşamağa davam etdiyini və yeni nəslə ilham verdiyini vurğulayıb.

Rejissor, aktyor və animasiya ustası Harri Bardin, ssenarist, aktyor və jurnalist Pavel Finn, rejissor Tural Vaqifoğlu çıxış edərək Maqsud İbrahimbəyov yaradıcılığından söz açıblar.

Tədbirdə Maqsud İbrahimbəyovun həyatı və yaradıcılığına, həmçinin onun adını daşıyan mərkəzin açılışına həsr olunmuş  videoçarxlar da nümayiş etdirilib.